28 Oktyabr 2023 18:19
1 264
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə açıqladığı azyaşlı analarla bağlı statistik məlumatlar şübhə altına alınır.

Sosial media istifadəçiləri Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınan ən yüksək göstəricilərin Lənkəran-Astara iqtisadi rayonunu üstələməsi fikri ilə razı deyirlər. İddia olunur ki, bu zonada ailələr qızlarını tez ərə verməyə meylli deyil. Adətən bu tipli statistik məlumatlarda cənub zonası irəlidə olub.

Maraqlıdır, statistika necə aparılır? Digər rayonların cənub zonasının üstələməsinin səbəbləri nədir?

Dövlət Komitəsinin Qadın və gender məsələləri şöbəsinin böyük məsləhətçisi Sevinc Məmmədova Teleqraf.com-a bildirib ki, erkən nikahların qanundan kənar olması onların lazımi statistikasını aparmağı mürəkkəbləşdirir.

O bildirib ki, erkən nikahların statistikası yalnız 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayına görə müəyyən edilir:

“Statistika Komitəsinin və Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2022-ci ildə respublikada erkən evlilik hallarının göstəricilərində artım müşahidə olunur.

Erkən evlilikdən Bakı şəhərində 101, Naxçıvan Muxtar Respublikasında 69, Abşeron-Xızı iqtisadi rayonunda 31, Dağlıq Şirvan iqtisadi rayonunda 111, Gəncə-Daşkəsən iqtisadi rayonunda 145, Qarabağ iqtisadi rayonunda 240, Qazax-Tovuz iqtisadi rayonunda 280, Quba-Xaçmaz iqtisadi rayonunda 74, Lənkəran-Astara iqtisadi rayonunda 236, Mərkəzi Aran iqtisadi rayonunda 245, Mil-Muğan iqtisadi rayonunda 223, Şəki-Zaqatala iqtisadi rayonunda 81, Şərqi Zəngəzur iqtisadi rayonunda 58, Şirvan-Salyan iqtisadi rayonunda 117 uşaq doğulub.

Göründüyü kimi, Azərbaycan üzrə 2022-ci ildə 18 yaşınadək analar tərəfindən doğulan uşaqların sayı 2011 nəfərdir. Bu rəqəm 2021-ci illə müqayisədə 361 nəfər çoxdur. Ən yüksək göstəricilər Qazax-Tovuz (280 nəfər), Mərkəzi Aran (245 nəfər) və Qarabağ (240 nəfər) iqtisadi rayonları üzrə qeydə alınıb.

Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 213 saylı Qərarı ilə “Gənclər arasında ailə və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” təsdiq edilib. Bu Qaydadan irəli gələrək, erkən nikahların qarşısının alınması istiqamətində 13 dövlət qurumu və bütün yerli icra hakimiyyətləri orqanları müəyyən edilmiş vəzifələrə uyğun olaraq illik görülən işlər barəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məlumat göndərirlər. Dövlət Komitəsi tərəfindən bu məlumatlar toplanaraq, illik yekun hesabat Komitənin saytında yerləşdirilir”.

Sevinc Məmmədova Komitə tərəfindən mütəmadi olaraq regionlarda, xüsusilə ucqar kənd və qəsəbələrdə müəllim, şagird və valideyn kollektivləri ilə maarifləndirici seminarlar təşkil edilib, görüşlər keçirildiyin də qeyd edib: “Bu görüşlərdə erkən nikah və onların fəsadları haqqında ətraflı məlumat verilir. Belə ki, erkən nikaha daxil olan qız təhsildən yayındığı üçün onun gələcək məşğulluq imkanı məhdudlaşır, erkən nikahlar ana və uşaq ölümü hallarının artmasına səbəb olur. Həmçinin erkən yaşda ailə quran qızlar əksər hallarda məişət zorakılığının qurbanı olur və rəsmi nikah olmadığı üçün bu qızların hüquqlarının qorunmasında müəyyən çətinliklər yaranır.

Mütəmadi olaraq aparılan maarifləndirmə işləri, profilaktik tədbirlərə baxmayaraq hələ də erkən nikah problemi qalmaqdadır. Dünyada milyonlarla uşaqlar hər il bu zorakılığın qurbanı olur. Erkən nikahlarla uzunmüddətli mübarizə aparmaq üçün təhsilin təbliğ edilməsi ən uğurlu strategiyadır. Məktəbə gedən qızlar savadlı olur və cəmiyyətin insani və iqtisadi inkişafına töhfə verir. Bu da onların ailədəki mövqeyinə, uşaqların tərbiyəsinə müsbət təsir göstərir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər