Qobustanda 16 yaşlı Bayramlı Nofəl Saleh oğlu hasardan tullanarkən ciddi xəsarət alıb.
Teleqraf.com xəbər verir ki, Qobustan Rayon Mərkəzi Xəstəxanasında ilk yardım göstərildikdən sonra təcili tibbi yardım maşını ilə TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasına transfer olunub.
Xəstəyə Təcili tibbi yardım bölməsinin personalı tərəfindən zəruri xidmətlər göstərilib. Travmatoloq, uroloq, ümumi cərrah və reanimatoloqun konsultasiyası təşkil edilib, laborator-instrumental müayinələr aparılıb.
Pasiyentə sağ sağrı nahiyəsinin qarın boşluğuna nüfuz edən deşilmiş yara diaqnozu qoyulub. Qan tədarükü görülüb və xəstə əməliyyata alınıb.
Əməliyyat zamanı qarın boşluğu açılıb, tam təmizlənib, orqanlar və ətrafı təftiş edilib və dəmir parçası çıxarılaraq yerinə drenaj qoyulub. Əməliyyat uğurla başa çatıb. Hazırda pasiyentin vəziyyəti stabildir, müalicəsi davam etdirilir.