26 Yanvar 2015 16:34
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 26-da Azərbaycan Dillər Universitetinin (ADU) pedaqoji - ingilis dili və fransız dili, pedaqoji - ingilis dili və alman dili, filologiya və jurnalistika fakültələrinin 2014-2015-cü tədris ilində bakalavr ali təhsil pilləsinin əyani şöbəsinin IV kurs, qiyabi şöbəsinin V kurs tələbələrinin pedaqoji təcrübəsinə həsr olunan konfrans keçirilib.

ADU-nun İctimaiyyətlə əlaqələr departamentindən Teleqraf.com-a verilən məlumata görə, konfransı giriş sözü ilə açan universitetin tədris işləri üzrə prorektoru Vazeh Əsgərov pedaqoji təcrübənin tələbələrin həyatlarında önəmli olduğunu söyləyərək universitetin rektoru Səməd Seyidovun adından tələbələri təbrik edib.

Təhsil aldıqları müddətdə əldə etdikləri biliklərin pedaqoji təcrübədə tətbiq etmək zamanının gəldiyini deyən prorektor pedaqoji təcrübədə tələbələrin davamiyyət, nizam-intizam məsələlərinə toxunub.

ADU-nun elmi işlər üzrə prorektoru Dünyamin Yunusov pedaqoji təcrübənin tələbələrin həyatında əlamətdar hadisə olduğunu söyləyib. Prorektor Azərbaycan Dillər Universitetinin respublika ali təhsil müəssisələri içərisində öndə gedən universitetlərdən olduğunu bildirib. ADU-da püxtələşmiş tələbələrin təhkim olunduqları təhsil müəssisələrində universitetin adına layiq şəkildə nizam-intizam qaydalarına riayət etmələrini, pedaqoji təcrübədə əldə etdikləri bilik və bacarıqları yüksək səviyyədə nümayiş etdirmələrini tövsiyyə edib. ADU tələbələrinin hər zaman nümunəvi olduqlarını deyən D.Yunusov pedaqoji təcrübə keçəcək tələbələrə uğurlar arzulayıb.

Tələbələrə həyatlarının mühüm mərhələsinə başladıqlarını deyən tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev universitetin tələbə və müəllimlərinin birgə pedaqoji təcrübəni uğurla başa vurmalarının ADU üçün mühüm əhəmiyyətə malik olduğunu bildirib və pedaqoji təcrübədə iştirak edən hər kəsə təşəkkür edib.

Universitet üzrə pedaqoji təcrübə rəhbəri Məmməd İsmayılov çıxışında təcrübənin mahiyyətindən və qaydalarından, eyni zamanda təcrübənin təşkili ilə bağlı məsələlərdən, pedaqoji təcrübəyə ayrılan saatlardan danışıb. Orta məktəblərin daxili nizam-intizam qaydalarına ciddi riayət etməyin vacibliyini vurğulayan pedaqoji təcrübə rəhbəri kəsrli tələbələrin pedaqoji təcrübədə iştirakı ilə bağlı məsələyə də aydınlıq gətirib. O, pedaqoji təcrübənin səmərəli aparılması, yaxşı nəticələrin əldə olunmasının bu işə cəlb edilənlərin ciddi və məsuliyyətli münasibətindən asılı olduğunu söyləyib. Metodist, pedaqoq və psixoloqun məktəbdə əlaqəli-koordinasiyalı işinin təşkilini nəzərə çatdıran M. İsmayılov təcrübəçi tələbələrin təhkim olunduqları məktəbdə keçirilən tədbirlərdə iştirakı, eyni zamanda onların da tədbirlərin təşkili ilə bağlı təşəbbüslərin zəruriliyindən danışıb. Sonda pedaqoji təcrübənin kollektiv iş olduğunu deyən Məmməd İsmayılov bu işdə bütün iştirakçıların yaxından iştirakını arzulayıb.

Məlumatda o da qeyd edilib ki, təcrübə əyani şöbədə 2015-ci ilin yanvarın 26-dan mayın 1-dək olan tarixləri əhatə etməklə 14, qiyabi şöbədə 2015-ci ilin fevralın 9-dan martın 13-dək olan tarixləri əhatə etməklə 5 həftə davam edəcək. Pedaqoji- ingilis dili və fransız dili- fakültəsindən ümumilikdə 460 nəfər tələbə, ingilis dili və alman dilindən ümumilikdə 125, filologiya və jurnalistika fakültəsindən ümumilikdə 51 nəfər tələbə pedaqoji təcrübədə iştirak edəcəklər. Pedaqoji təcrübəyə yollanan tələbələr Bakının 40 orta ümumtəhsil məktəblərində təcrübə keçəcəklər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər