22 Aprel 20:19
743
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyaya çar Rusiyasının təbəəsi olaraq gələn Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadənin Rusiyada yaşadığı son şəhər Sankt Peterburq idi. 1922-ci ildə bu şəhəri müsavatçıların və tatarların yardımı ilə qayıqla tərk edən Məhəmmədəmin bəy həmin ilin dekabrın sonlarında artıq İstanbul şəhərinə varmışdı. Stalinin nəzarətində yaşadığı iki illik Moskva və Peterburq həyatı haqqında yeni bilgilərin (görkəmli alim Salavat İsakovun sayəsində) ortaya çıxdığı bu ərəfələrdə mən də bu şəhərdəki tədbirə dəvət edilmişdim.

***

Aprelin 18-də Pulkovo hava limanına endiyim zaman İstanbuldakı yaz günəşindən əsər-əlamət yox idi. Xeyli vaxtdır istiyə öyrəşən bədənimdən anidən keçən soyuq və qar mərhum şairimizin kıtabındakı misraları dilimdə bu şəkildə səsləndirdi:
Peterburqun gədiyinə varanda

Onda gördüm buram-buram qar yağır...

İlk dəfə idi ki, Rusiyaya gəldiyim üçün hava limanındakı yoxlanışda xeyli vaxt itirdim. Qeydiyyatdan sonra hava limanının içərisində böyük lütfkarlıq göstərərək qarşılamaq üçün gələn tədbir təşkilatçıları - “Çinar” milli mədəni mərkəzinin sədr müavini Ülviyyə xanım Abbasova və “Rusiya-Azərbaycan Mədəni və Humanitar Əməkdaşlıq Mərkəzi”nin sədri Eldar bəy Əlizadə ilə görüşdüm. Artıq gec saat olduğu üçün hotelə yerləşdim və sabah şəhərlə tanışlığın həyəcanı ilə yuxuya getdim.

“Tənha”lığı adamlarla dolu muzey

Saat 11-də Peterburqun aktiv azərbaycanlı gənclərindən Cavid bəy gəzinti üçün hazır vəziyyətdə gözləyirdi. Çölə çıxdığımız zaman çovğun idi, bənzərsiz qar dənələri gözümüzlə Peterburq arasına girərək bizə mane olmağa çalışırdı. Ətrafı görmək üçün yürüyərək metroya doğru yol aldıq. Bizi ilk qarşılayan Puşkinin heykəli oldu. Metro stansiyalarına xüsusi sevgim olduğu üçün düşdüyümüz bir neçə stansiyanı nəzərdən keçirdim. Stansiyaların birini rus generallarının təsvirləri örtmüşdü, Rusiyanın müharibələrlə dolu keçmişini göstərirdi.

Peterburqda ən əvvəl haranı görmək lazımdır sualı ətrafında düşünmək yersizdir. Çünki hər kəsin getməli olduğu ilk yer Ermitaj muzeyidir. Dünyanın ən iri muzeylərindən olan Ermitajın 350 zalında 3 milyonadək eksponat var. Muzey 5 binadan ibarətdir: Qış sarayı, Kiçik Ermitaj, Köhnə Ermitaj, Yeni Ermitaj, Ermitaj Teatrı. Bu binalar bir-birilə əlaqəli tikilib. İlk vaxtlar eksponatlar Qış sarayının otaqlarında yerləşdirilib. Fransız dilində “tənhalıq”, “tənha yer” anlamına gələn Ermitajın tarixi 1764-cü ildən hesablanmaqdadır. Çünki həmin il şəhərə Qərbi Avropa rəssamlarının əsərlərinin böyük kolleksiyası gətirilib. Berlinli tacir Qoçkovski 225 rəsmdən ibarət bu kolleksiyanı Prussiya kralı II Fridrix üçün alıbmış. Amma kral həmin ərəfələrdə kasıbladığı üçün kolleksiyanı almağa gücü çatmayıb, ona görə də bu bənzərsiz nümunələri rus çariçası II Yekaterina alıb. Səxavətli çariça sonrakı illərdə də eksponat satın almaqla gələcək üçün zəngin xəzinə ərməğan edib. Hətta Volterin 6500 cilddən və 37 əlyazmasından ibarət şəxsi kitabxanası da bu muzeydə qorunmaqdadır.

Çovğunlu meydanda şəkil çəkdirdikdən sonra muzeyin içərisinə girdik. Hava soyuq olsa da, xeyli ziyarətçi vardı, bilet almaq üçün növbə gözlədik. Haradasa oxumuşdum ki, bu muzeydəki hər eksponatın qarşısında bir saniyə dayansaq, buna insan ömrü yetməz. Ona görə də rus çarlarının taxt-taclarını, generallarının portretlərini izlədikdən sonra Şərq bölməsinə doğru yol aldıq. Burada Osmanlı və Qacar bölmələrindəki əsrarəngiz portretləri, əşyaları, medalları gördük. Fətəli şah Qacarın iki iri portretinin önündə şəkil çəkdirdik, Abbas Mirzənin təsvirlərinə heyranlıqla baxdıq.

Qədim Misir bölməsindəki sarkofaqları və hər an canlanacaq kimi uzanan mumiyanı izləyərkən qədim tanrı Anubisi xatırladım. Görəsən, bir gün ölüləri diriltməklə məşhur olan bu tanrı Misirdən uzaqda şüşə altında olan bu bəndəsini diriltməyi yadından çıxara bilərmi?

Kilsə ilə məscid arasında

Bu fikirlə şəhərin ən böyük kilsəsi olan Müqəddəs İsaak kafedralına yollandıq. Çölü kimi içi də əzəmətli olan bu binada insanın danışmaqdan nitqi tutulur. Çünki Bibliya hekayətlərinin təsvir olunduğu bu yüksək sənətkarlıq nümunələrinə baxarkən insan oğlunun mükəmməlliyinə şahid olursan. Bu kafedral 1818–1858-ci illərdə fransız memarı Ogüst Monferranın layihəsi əsasında inşa edilib. Tikinti işlərinə imperator I Nikolay şəxsən nəzarət edib, alman mühəndis və xəritəçi Karl Opperman isə inşaat komissiyasına sədrlik edib. 11 iyun 1858-ci ildə yeni kafedral kilsəsinin təntənəli təqdisetmə mərasimini Novqorod, Sankt-Peterburq, Estlandiya və Finlandiya mitropoliti Qriqori Postnikov həyata keçirib. Kafedralın ümumi hündürlüyü 101,5 metr, daxili sahəsi isə 4000 m²-dən artıqdır. Hazırda muzey statusundadır, eyni zamanda ibadət üçün də xidmət göstərməkdədir.

Çölə çıxdığımızda artıq hərəkət etmək mümkünsüzdü. Sabahkı tədbirə sağ-salamat çıxmalı olduğumuz üçün bir kafedə dincəldikdən sonra bu dəfə Eldar bəyin rəhbərliyi ilə gəzintiyə davam etdik.

Sankt-Peterburq Cümə məscidinin həyəti də qarla örtülmüşdü. Eldar bəy bu məscidin tikintisinə Hacı Zeynəlabidin Tağıyevlə Murtuza Muxtarovun vəsait göndərdiyini bildirdi. Məlumatlara görə, hələ 1880-ci illərdə o zamankı müfti Tevkelev Rusiyanın daxili işlər naziri D.Tolstoya 8000 müsəlmanın yaşadığı bir şəhərdə məscid tikintisi ilə əlaqədar müraciət edib, razılıq alınsa da, tikinti üçün vəsait olmayıb. 1905-ci ildə Sankt-Peterburqda Baş məscidin tikintisi üzrə komitə təsis edilib. Daxili işlər naziri P.Stolıpin tərəfindən təsdiq olunmuş komitə 20 müsəlman dövlət xadimi, ictimai xadimlər və tacirlərdən ibarət olub. Komitəyə məscidin tikintisi üçün 10 il ərzində Rusiya imperiyasının ərazisində 750.000 rubl miqdarında vəsait toplamaq hüququ verilib. Bakı milyonçuları da bu zaman vəsait göndəriblər. 1910-cu ildə təməli qoyulmuş 2 minarəli məscid, əsasən, Səmərqənd memarlıq məktəbinə xas elementlərlə bəzədilib, fasadı boz mərmərlə, gümbəzi çini ilə işlənilib.

Məsciddə dua və ibadətlərimizi etdikdən sonra yaxınlıqdakı siyasi tarix mövzulu muzeyə yollandıq. Zəngin tarixi bilgilərin olduğu bu muzeydə Leninə yoldaş olmasaq da, onun iş otağında şəkil çəkdirdik.

Artıq axşam düşmüşdü, xeyli enerji itirmişdik. Ülviyyə xanım bizi ləzzətli Azərbaycan təamları ilə mükafatlandırdı, sabahkı tədbirin planını gözdən keçirdik.

Peterburqdan qaçış və Peterburqa gəliş

Məhəmmədəmin Rəsulzadə sağlığında sonuncu yubileyini 1954-cü ildə Ankarada qeyd etmişdi. 70 illik yubileyi münasibətilə dostları, silahdaşları onu evində ziyarət etmiş, “Azərbaycan” dərgisi xüsusi buraxılış hazırlamışdı. Bu il Rəsulzadənin ikiqat 70 illiyi, yəni 140 illiyidir. Bu münasibətlə Peterburqda yuxarıda adı çəkilən iki təşkilat yubiley tədbiri planlamışdı...

Aprelin 20-də saat 17-də “Moskva” hotelinin konfrans zalında Rəsulzadənin 140 illik yubiley tədbiri Rusiya və Azərbaycan himnlərinin oxunması ilə başladı. Ardınca Rəsulzadənin səs yazısı və 1918-ci ilə aid olan videgörüntüsü iştirakçılara təqdim olundu. Tamamilə dolu olan salonda çoxluğu gənclər təşkil edirdi. İlk çıxışları “Çinar” təşkilatının sədri Xeyransa Mirzəyeva və sədr müavini Ülviyyə Abbasova etdilər. Onlar dövlət başçısının sərəncamına uyğun olaraq ölkə kənarında belə bir tədbiri keçirdikləri üçün sevincli olduqlarını bildirdilər. Daha sonra ilk söz tədbirin mühüm qonaqlarından Almira Tahircanovaya verildi. Almira xanım tatar mütəfəkkiri Musa Cərullah Bigiyevin nəvəsinin həyat yoldaşıdır. O, Musa əfəndi haqqında nadir fotoşəkillərdən ibarət təqdimatla çıxış etdi.

Daha sonra rusiyali tarixçilər Aleksandr Serqeyevic Puncenkov, Vladimir Viktorovic Mixaylov və Sankt-Peterburq Dovlət Universitetinin müəllimi türkoloq Şahnaz Kamal məruzələrini oxudular.

Zəngin proqrama malik tədbirdə elmi çıxışlarla yanaşı milli rəqslər, ifalar da dinlənildi. “Çinar” rəqs ansamblı və “Naz” ansamblının, eləcə də Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbəsi Teymur Kazımovun ifası salondakıları heyrətləndirdi.

Tədbirin dəvətlisi olaraq bəndəniz də Rəsulzadənin 52 illik mücadilə həyatını ehtiva edən təqdimatla çıxış etdim, sualları mümkün qədər cavablandırdım. Tərtibatçısı olduğum üç cildlik “Rəsulzadə xatirələri” kitabını Peterburqda Rəsulzadə yubileyini keçirmək kimi şərəfli işə imza atan “Çinar” təşkilatının kitabxanasına hədiyyə etdim.

Tədbir boyunca salonu canlı tutmağı uğurla bacaran təşkilatçılardan Eldar Əlizadəyə də “Türkiyədəki Azərbaycan cəmiyyətləri” kitabımı təqdim etmək fürsəti oldu.

Daha sonra Peterburqun aktiv azərbaycanlı xanımlarından Hicran Qurbanova çıxış etdi, arxivimiz üçün iki qiymətli kitab bağışladı.

Beləliklə, Rəsulzadənin bir zamanlar qısa müddət yaşadığı Peterburq şəhərində xatirəsi anıldı... Bu tarixi tədbirə və şəxsimi dəvətə görə Ülviyyə Abbasovaya və Eldar Əlizadəyə təşəkkür edirəm.

Son söz əvəzi

Tədbirdən öncə daha bir tarixi məkanda oldum. Türkoloq Şahnaz Kamal Sankt Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə dəvət etdi. Vaxtilə Əli bəy Hüseynzadənin, Əhməd bəy Ağaoğlunun, Əlimərdan bəy Topçubaşının və bu fakültənin əsasını qoyan Mirzə Kazım bəyin olduğu bu universiteti görmək xoşbəxtlikdi. Şərqşünaslıq fakültəsinin girişində Mirzə Kazımbəyin kiçik büstü və fotoşəkli vardı. Fakültənin həyətini və içini gəzdikdən sonra Azərbaycan dili fənnindən dərs alan dörd tələbə ilə tanış oldum, söhbətləşdim. Azərbaycan dilini öyrənən tələbələrin maraqlı suallarını həvəslə cavablandırdım. Daha sonra donu yenicə açılan Neva çayı sahilini və İsa Peyğəmbərin Xilaskar Qanı Kilsəsini gəzdik...

Aprelin 21-i səhər xoş xatirələrlə İstanbula qayıtdım.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər