ASC “ASAN Xidmət”in 4 mərkəzindən istifadə edir
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzlərində təmsil olunması barədə məlumat yayıb.
ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən xəbərə görə, bu xidmətdən istifadə istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılmasına və bu sahədə şəffaflığın artırılmasına səbəb olub: “2014-cü ildə abunəçilər tərəfindən müxtəlif məsələlərlə bağlı “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən “Azərsu” ASC-nin xidmət bölmələrinə vətəndaşlar tərəfindən çoxsaylı müraciətlər edilib. 2014-cü ilin may ayından etibarən “ASAN xidmət” mərkəzlərində “Azərsu” ASC-nin müştəri xidmətlərinin göstərilməsinə başlanıb. Ötən 8 ay ərzində vətəndaşlar tərəfindən 10013 müraciət daxil olub. Müraciətlərin 6711-i qeydiyyatda olan və “Azərsu” ASC-nin abonent bazasında təsdiqini tapmış məcburi köçkün qrupuna aid abonentlərin sudan istifadə və tullantı suların axıdılması xidmətlərinə görə limitlərinin smart-karta yüklənməsi ilə bağlı olub. Bununla yanaşı 1237 müraciət smart sayğacın digər smart sayğacla əvəz olunması səbəbindən yeni smart kartların verilməsi və əvvəlki kartda qalan sərfiyyatın yeni karta köçürülməsi, 848 müraciət abonentlərin bazadakı məlumatlarına dəyişikliklərin edilməsi, 1217 müraciət isə digər məsələlərlə bağlı olub. Ən çox müraciət Sabunçu rayonundakı 4 saylı “ASAN xidmət mərkəzində qeydə alınıb.
Hazırda “Azərsu” ASC-nin xidmətləri Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən 1, Xətai rayonundakı 2, Yasamal rayonundakı 3 və Sabunçu rayonundakı 4 saylı, həmçinin Sumqayıt və Sabirabad şəhərindəki “ASAN xidmət” mərkəzlərində təşkil olunub. Yaxın vaxtlarda abunəçilər Gəncə şəhərində yerləşən “Asan xidmət” mərkəzində də “Azərsu” ASC-nin xidmətlərindən istifadə edə biləcəklər.
SEVİL