23 May 20:18
2 977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər sosial şəbəkələrdə Göycənin rayonlarda 50 qəpik - 1 manata satıldığı halda, Bakıda 6 - 15 manata təklif olunması müzakirələrə səbəb olub.

Görəsən, Göycənin vətəndaşlara bu qədər baha satılmasının səbəbi nədir?

Kənd təsərrüfatı üzrə ekspert Bəhruz Nəzərov göyçə ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirməyini deyib.

“Rayonda 50 qəpiyə satılan məhsul Bakıda 6 manata satıla bilməz. Hazırda Bərdədəyəm, burda göyçəni 4 manata alıram. Mənim fikrimcə, göycə daha ucuzlaşmayacaq. Çünki bu il bu cür məhsullar azdır. Azlığının da səbəbi hava şəraitinin qeyri-sabit, yağıntılı keçməsi və bunun təsərrüfatlara mənfi təsiri ilə əlaqədardır. Məhsul az olduğuna görə qiymət də ucuzlaşmır”.

Ekspert bildirir ki, 1996-cı ilin iyulunda Azərbaycanda “Torpaq islahatı haqqında” qanun qəbul ediləndən sonra torpaq sosial ədalət prinsipinə əməl edilərək kənd sakinlərinin xüsusi mülkiyyətinə pulsuz verilirdi: "Məhz ondan sonra kim nə istəyir əkir və hansı qiymətə istəyirsə bazara da çıxarır.

Qiymət tənzimlənməsi bazarda məhsulun azlığı yaxud bolluğu ilə əlaqəlidir”.

Bəhruz Nəzərov deyir ki, qiymətlərin tənzimlənməsi və bazarlanması vacibdir: “Keçən il soğan yaxşı qiymətə bazara çıxdı. Məhsul bol idi, fermərin üzü gülürdü, çünki vəsait əldə etmişdi. Bu il soğanla bağlı vəziyyət ürəkaçan deyil. Fermerlər yarım hektar məhsulu güclə sata biliblər. Qalanını şumladıb, əkdirib növbəti qarğıdalı əkininə saxladılar. Çünki artıq fəhlənin pulunu belə çıxara bilmirlər”.

Ekspertin fikrincə, Kənd Təsərrüfatı Nazirliyi qiymət tənzimlənməsi və bazarlamaya nəzarət edərsə, alıcılar da, məhsulu əkib-becərən təsərrüfat sahibləri də əziyyət çəkməz. Bir sözlə, məhsul əldən-ələ keçmədən birbaşa bazara daha ucuz qiymətə gəlib satışa çıxarılar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, Azərbaycanda bazar tələb və təklif aksiomu əsasında formalaşır.

“Tələb varsa təklif də olacaq. Qiymət də tələb və təklif aksiomundan qaynaqlanır. Göycənin istehsalçıdan, yəni bağdan istehlakçıya çatdırılması yolunda mühüm bir halqa var. Bu da “Meyvəli bazarı”dır. Yəni satıcı, alıcıdan başqa üçüncü subyekt olan alverçilər bazarın nəbzini tutub qiyməti tənzimləyirlər. Hökumətin buna müdaxilə etməyə ixtiyarı yoxdur. Çünki azad bazar iqtisadiyyatıdır.

O başqa məsələdir ki, nə üçün istehsalçılar dükanlara birbaşa gəlib çıxa bilmirlər? Fərdi təsərrüfatlarda olan meyvələr Bakı bazarına girə bilmir. Səbəb odur ki, məhsullar mütləq “Meyvəli bazarı”nın sənədi ilə bazara çıxmalıdır. Həmin sənədə görə məhsullar yoxlanılıb və təhlükəsizdir. Ona görə bu zəncirdə mühüm qiymət artımına təkan verən mərkəzləşdirilmiş satış yeri buradır.

Üstəlik fərdi təsərrüfatlarda yetişdirilən mallar heç də Bakı bazarının tələbatına uyğun olmur. Onlara yaxşı aqrotexniki qulluq olunmur və lazimi səviyyədə deyillər. Ona görə də Bakıda yerləşən meyvə-tərəvəz dükanları birbaşa əlaqələrini “Meyvəli bazarı” ilə qurub. O baxımdan kiminsə həyətində yetişdirdiyi alçanı gətirib Bakıda hansısa dükana verməsi nəzəri cəhətdən mümkün deyil”.

Kənd Təsərrüfatı Nazirliyinə mövzu ilə əlaqədar sorğu ünvanladıq. Nazirlikdən bildirdilər ki, məsələ qurumun səlahiyyətləri çərçivəsində deyil, qiymətləri bazar özü tənzimləyir.


Müəllif: Nərmin Muradova

Oxşar xəbərlər