25 May 16:11
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın əsas hədəflərindən biri azad edilmiş ərazilərə qayıdan vətəndaşların məşğulluğunun təmin edilməsidir.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, öz doğma yurd-yuvalarına qayıdacaq keçmiş məcburi köçkünlərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərinə köçməyə hazırlaşan sakinlərin bir qrupunun işlə təmin olunması barədə müraciətlərinə baxılıb.

Xankəndi şəhərində təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin müşaviri Etibar Məmmədov bildirdi ki, öz dədə-baba yurdlarına qayıdan insanların məşğulluğu əsas prioritetlərdən biri elan edilib və bununla bağlı möhtərəm Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Agentliyin Qarabağ Regional Sukanal İdarəsi, eləcə də Xankəndi Sukanal Sahəsi yaradılıb. İdarənin işçi heyətinin komplektləşdirilməsi zamanı işğaldan azad olunmuş şəhərlərin və rayonların sakinlərindən daxil olan müraciətlərə xüsusi həssaslıqla yanaşılır. Bu gün Xankəndi şəhərində təşkil olunan görüşdə məcburi köçkünlərin bir qrupunun müraciətinə baxılır və onlar ixtisaslarına və peşələrinə uyğun işlə təmin olunacaq.

Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov bildirdi ki, Xankəndində ilk dəfədir təşkil olunan tədbirdə Xankəndi sakinlərinin bir qisminin işlə təmin olunması “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına müsbət töhfələr verəcək. Doğma yurdlarına geri qayıdan insanların məşğulluğunun təmin olunması əsas məsələlərdən biridir və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin dövlət qurumları arasında göstərdiyi ilk təşəbbüs təqdirəlayiqdir.

Görüşdə 10 nəfər Xankəndi sakininin müraciətlərinə baxılıb, onlar ixtisaslarına və peşə bacarıqlarına uyğun olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ Regional Sunkanal İdarəsinin Xankəndi Sukanal Sahəsində işlə təmin olunublar.


Müəllif: Teleqraf.com