Bəstəkar Qara Qarayevin Nizami Kinoteatrı yaxınlığındakı abidəsinin cilalanmasına dair sosial şəbəkədə görüntülər yayılıb. Bu barədə memar Elçin Əliyev də fesybuk hesabında paylaşım edib.
Teleqraf.com xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi bildirib ki, qurum tərəfindən bu prosesə mütəxəssislər cəlb olunub: “İşin icrası isə özəl bərpa şirkəti və Bakı Şəhər icra hakimiyyəti ilə birgə həyata keçirilir. Ekspertlər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltəraş- bərpaçı Fərman Qasımov, heykəltəraş Orxan Nəzbizadə prosesi nəzarətdə saxlayırlar. Qırmızı qranitdən işlənmiş Qara Qarayev abidəsinin, heykəl və plint hissəsində sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmiş detalların dəyişdirilməsi və restavrasiya edilməsi işləri icra edilir. Yenilənmiş hissələrin mövcud hissələrlə eynilik təşkil etməsi üçün müəyyən yumşaq üsullu cilalama işləri icra edilir. Narahatlığa heç bir əsas yoxdur”.
Xatırladaq ki, abidə 2014-cü ildə qoyulub, müəllifi heykəltaraş Fazil Nəcəfovdur.