Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi sənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunması istiqamətində səlahiyyətləri daxilində zəruri tədbirlərin görülməsini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Agentliyin müfəttişləri tərəfindən Tovuz rayonunun Hunanlar, Abulbəyli, Düz Qırıqlı, Yuxarı Öysüzlü, Qəribli, Çatak Pələkli və Alakol kəndlərində yerləşən “Valeh” MMC-yə məxsus yanacaqdoldurma məntəqələrində plan üzrə yoxlama aparılıb. Yoxlama zamanı məntəqələrdə insan həyatı və sağlamlığı üçün təhlükə yaradan pozuntular aşkarlanıb:
"Belə ki, yanacaqdoldurma məntəqələrində istismar olunan yanacaqsaxlama çənlərinin üzərində nəfəslik klapanının quraşdırılmadığı, çənlərin yerləşdiyi ərazinin ildırımötürücü qurğu ilə təmin olunmadığı, elektrik avadanlıqları və qurğularının metal hissələrinin torpaqlanmadığı və müvafiq icazə sənədləri olmadan qeyri-qanuni quraşdırıldığı müəyyən edilib".
Məlumatda qeyd edilib ki, aşkar olunan pozuntuların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, məntəqələrin istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib:
"Bununla yanaşı, texniki təhlükəsizliklə bağlı obyekt sahibi ilə profilaktik söhbət aparılıb, aşkarlanmış pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib".