Xüsusi hazırlıq keçmiş və şəhadətnamə almaq istəyən taksi minik avtomobili sürücülərinin imtahana qeydiyyatı başa çatır.
Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin məlumat yayıb.
Qeyd edilib ki, iyulun 1-dən sonra xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün avqustun 25-də imtahan keçiriləcək.
İmtahanda iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinə müvafiq qurumlar tərəfindən 2369 nəfərin məlumatları təqdim olunub.
İmtahanda iştirak etmək istəyən həmin sürücülər 21 avqust saat 10:00-dək qeydiyyatdan keçməlidirlər.
20 avqust saat 09:00-a olan məlumata əsasən, 1093 sürücü qeydiyyatdan keçib.
Xatırladaq ki, imtahanda iştirak etmək üçün sürücülər ilk növbədə DİM-in internet saytında (https://ekabinet.dim.gov.az/) “Şəxsi kabinet” yaratmalı və göstərilən vaxtadək “Taksi minik avtomobillərinin sürücülərinin etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlığının qiymətləndirilməsi üzrə test imtahanında iştirakı üçün qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər. “Şəxsi kabinet”in yaradılması və hesaba lazımi vəsaitin əlavə olunması qaydaları ilə bağlı təlimatlar yuxarıdakı keçidə yerləşdirilib.
İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak etmək üçün tələb olunan 35 AZN məbləğində vəsaiti əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.
Test imtahanı Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyat prosesi başa çatdıqdan sonra, imtahana 3 gün qalmış DİM-in saytından "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə biləcəklər.