Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib. Dövlət başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb və çıxış edib.
Teleqraf.com xəbər verir ki, Prezidentin çıxışından sonra tələbələrə söz verilib.
Tələbə Fənarə Məmmədzadə: “Hörmətli cənab Prezident, mən Bərdə şəhərində fəaliyyət göstərən Ağdam rayon 9 nömrəli tam orta məktəbin məzunuyam. Laçın rayonundan keçmiş məcburi köçkünəm. Doğma torpaqlarımızı heç vaxt görməsəm də, bu sevgimi qəlbimdə daşımışam. Bu gün çox xoşbəxtəm. Qəbul imtahanında 642 bal toplayaraq Qarabağ Universitetinin maliyyə ixtisasını seçmişəm və doğma yurduma tələbə statusunda qayıtmışam. İnanıram ki, tələbələrimiz Qarabağ Universitetinin bizə verdiyi imkanlardan ən doğru şəkildə istifadə edərək gələcəyin parlaq mütəxəssisləri olacaqlar və Qarabağımızın dirçəlməsində birlikdə iştirak edəcəklər.
Son olaraq doğma torpaqlarımızı işğaldan azad etdiyiniz və biz gənclərə burada təhsil almaq şansı yaratdığınız üçün Sizə minnətdarlığımı bildirirəm”.