21 Oktyabr 11:53
300
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsinin formalaşdırılması istiqamətindəki fəaliyyətinin daha səmərəli həyata keçirilməsini təmin etmək üçün Plenum qərarlarının təkmilləşdirilməsi işi qarşıda duran daimi vəzifələrdən biri kimi çıxış edir.

Teleqraf.com xəbər verir ki, cəmiyyətin davamlı inkişafı müasir çağırışlar, qanunvericilikdə və məhkəmə təcrübəsində baş verən mütəmadi yeniliklər dəyişən ehtiyaclara adekvat reaksiya verməyi tələb edir.

Bu baxımdan “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Ali Məhkəmə Plenumunun 2015-ci il 10 aprel tarixli, 4 nömrəli qərarına əlavə və dəyişikliklər edilməsi haqqında” Qərar qəbul edilib. Ali Məhkəmə Plenumu qəbul etdiyi yeni Qərarda məhkəmələr tərəfindən baxılan bəzi işlərə mülki və ya inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkünlüyünə aydınlıq gətirilib.

Sözügedən Qərarda əsas dəyişiklikləri diqqətinizə təqdim edirik:

Eyni faktiki və hüquqi hallara əsaslanmaqla torpağın ayrılmasına dair inzibati akt və müqavilə bir iddiada mübahisələndirildikdə, həm inzibati aktın, həm də müqavilənin ləğvinə və ya etibarsızlığına dair işə bir icraat daxilində inzibati məhkəmələrdə baxılmalıdır.

Torpağın ayrılmasına dair inzibati akt deyil, inzibati aktın özünün qanuniliyi ilə bağlı olmayan əsaslarla yalnız müqavilə mübahisələndirildikdə, işə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

Dövlət və bələdiyyə əmlakının müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı yaranan mübahisələrdə müsabiqə və ya hərracın keçirilməsi səbəbindən, məqsədindən, sifarişçinin kimliyindən, eləcə də müsabiqə və ya hərraca çıxarılan əmlakın mənsubiyyətindən asılı olmayaraq, hər bir halda bu cür müsabiqə və ya hərracların təşkili, keçirilməsi və nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı münasibətlər mülki-hüquqi xarakter daşıyır. Buna görə də bu münasibətlərdən yaranan mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

Əmlakın müsabiqə və ya hərrac vasitəsilə mülkiyyətə və ya icarəyə verilməsi barədə qərarın çıxarılmasını qanunsuz olduğunu iddia edən şəxslər sözügedən məsələni inzibati məhkəmə qaydasında mübahisələndirilə bilər.

Müsabiqə və ya hərracın təşkili, keçirilməsinin şərtləri və qaydaları, eləcə də nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı mübahisələrə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

Təbii inhisarları tənzimləyən orqanlarla təbii inhisar subyektlərinin daxil olduğu münasibətlər ümumi hüquq sahəsinə aid olduğundan belə münasibətlərdən yaranan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır.

Təbii inhisar subyektlərinin təsərrüfat subyektləri və istehlakçılarla daxil olduğu münasibətlərdən (təbii inhisar subyektlərinin şəbəkələrinə qoşulma, texniki şərtlərin verilməsi, məhsulun satışına dair müqavilə bağlanılması və s.) yaranan mübahisələrə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

Təbii inhisar subyektinin qanunvericiliklə verilmiş ümumi (publik) hüquq sahəsindəki səlahiyyətlərin (məsələn, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət ehtiyacları üçün torpaqların geri alınması ilə bağlı alan orqan kimi müəyyən olunduqda) icrasından doğan mübahisələrə inzibati məhkəmələrdə baxılmalıdır.

Qanunvericiliklə müəyyən edilmiş qaydada verilmiş ümumi (publik) hüquq sahəsinə aid səlahiyyətlərin həyata keçirilməsi vəziyyəti mövcud olmadıqda, əksinə, mülki dövriyyənin iştirakçısı kimi gündəlik təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən yaranan mübahisələrdən söz edildikdə (vurulmuş zərərin əvəzinin ödənilməsi, ərazinin boşaldılması və s.) isə işlərə mülki mühakimə icraatı qaydasında kommersiya və ya ümumi məhkəmələrdə baxılmalıdır.

Sonda məhkəmələrə tövsiyə olunub ki, prosessual qənaətə nail olmaq üçün bu Qərarın qəbulu ilə yaranan aidiyyətlə əlaqədar şərtlərin dəyişməsi hallarında, icraatlarında olan mübahisələrə münasibətdə hər bir fərdi işin xüsusi hallarını və aparılmış araşdırmanın həcmini nəzərə almaqla həmin işlərə baxılmasını davam etdirsinlər.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər