Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau yaxınlığında AZAL-ın təyyarəsinin qəza enişi etməsi ilə əlaqədar dövlət komissiyasının yaradılması barədə sərəncam imzalayıb.
Teleqraf.com "Kazinform"a istinadən xəbər verir ki, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edəcək.
Dövlət başçısı Astanadan Aktauya həkimlərin göndərilməsi və zərərçəkənlərə bütün zəruri dəstəyin göstərilməsi barədə göstəriş verib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi bu gün səhər Aktau yaxınlığında qəza enişi edib.
Baş vermiş hadisəni yerində araşdırmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə rəqəmsal inkişaf və nəqliyyat naziri, fövqəladə hallar naziri, baş prokurorun müavini, səhiyyə nazirinin müavini, Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun müavini, AZAL-ın vitse-prezidenti və digər aidiyyəti dövlət orqanlarının nümayəndələri Qazaxıstanın Aktau şəhərinə yola düşüblər.
AZAL-dan verilən məlumata görə, təyyarənin göyərtəsində 62 sərnişin olub. İlkin məlumata əsasən, onlardan 37 nəfər Azərbaycan vətəndaşı, 16 nəfər Rusiya vətəndaşı, 6 nəfər Qazaxıstan vətəndaşı, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Sərnişinlərin siyahısı yaxın zamanda ictimaiyyətə açıqlanacaq.