Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Bakı Regional Mərkəzi tərəfindən Bakı şəhəri, Yasamal rayon 153 saylı tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt şəhər 3 nömrəli tam orta məktəbində, Sənaye və Yüksək Texnologiyaları üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində, Abşeron rayon 2 və 3 nömrəli tam orta məktəblərində, Cənub Regional Mərkəzi tərəfindən Astara rayonu, R.Mirzəyev adına Şahağac kənd 1 nömrəli tam orta məktəbində, Qarabağ Regional Mərkəzi tərəfindən Bərdə rayonu, Xanqaraqoyunlu kənd tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.