Boris Yeltsinin prezident vəzifəsindən istefa verməsi ilə bağlı müraciəti tam məxfi şəkildə hazırlanmışdı.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı fоtomüxbir Yuri Feklistov deyib.
“Mətni Valentin Borisoviç Yumaşev yazmışdı, bunu mənə sonra dedi, onlar hər şeyi gizli saxlamışdılar”, - jurnalist bildirib.
Feklistovun sözlərinə görə, adətən prezidentin müraciəti iki-üç gün öncədən Kremldə lentə alınırdı və bu prosesdə heç bir gizlilik olmazdı.
“Bu dəfə müraciət gündüz vaxtı çəkildi. Bu, çox məxfi bir əməliyyat idi ki, məlumatın sızmasının qarşısı alınsın”, - fotomüxbir vurğulayıb.
Qeyd edək ki, 1999-cu il dekabrın 31-də Rusiyanın ilk prezidenti Boris Yeltsin təkcə rusiyalıları Yeni ilin gəlişi münasibətilə təbrik eləmədi, həm də istefa verdiyini açıqladı. Yeltsindən sonra prezident hazırkı dövlət başçısı Vladimir Putin seçilib.