FHN Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə müraciət edib.
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.
Müraciətdə bildirilib ki, Yeni il bayramı ilə əlaqədar insanların kütləvi şəkildə müxtəlif məkanlarda, o cümlədən restoran və şənlik zallarında, evlərdə toplanması, bayramın əsas simvolu olan küknar ağaclarının quraşdırılaraq işıqlandırılması və digər hallar yanğın təhlükəsini artırır. Bu zaman kiçik ehtiyatsızlıq və ya diqqətsizlik bayram ab-havasının pozulmasına, acı nəticələrə gətirib çıxara bilər:
"Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək Yeni il bayramı ilə əlaqədar keçirilən mərasimlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır. Belə ki,
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli, bunlar nəzarətsiz qoyulmamalı;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- pirotexniki vasitələrdən istifadə olunmamalıdır.
Həmçinin, bir daha xatırladırırıq ki, bayram şənliyinin təşkili üçün seçilən məkanlar müvafiq yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməlidir".