"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin balansında olan hava nəqliyyatı vasitələri satışa çıxarılır.
Teleqraf.com xəbər verir ki, yanvarın 30-da keçiriləcək hərraca 4 ədəd helikopter çıxarılması gözlənilir.
Nəqliyyat vasitələrinin buraxılış illəri 1992-2005-ci illər arasında dəyişir.
Hərraca çıxarılan helikopterlərin start qiymətinə gəlincə, "EUROCOPTER EC155 B" 1 milyon 239 min manata, iki ədəd "EUROCOPTER EC155 B1"dən birincisi 644 min manata, digəri 508 min manata, "Mİ-8 MTV-1" tipli hava gəmisi isə 600 min manata təklif olunur.
Hərracda iştirak üçün helikopterlərin start qiymətlərinin 10 faizi qədər beh tələb edilir. Beh "Azərbaycan Hava Yolları" QSC-nin hesabına köçürülməlidir.
Hərraclarda iştirak etmək istəyən şəxslər sənədləri hərracın başlanmasına ən geci 3 bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər.