31 Dekabr 2024 16:09
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti ildə büdcədə dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 568,2 milyon manat vəsait proqnozlaşdırılıb. Bu, 2024-cü illə müqayisədə 100,1 milyon manat çoxdur.

Teleqraf.com Maliyyə Nazirliyi tərəfindən 2025-ci ilin dövlət və icmal büdcələri ilə bağlı məlumatları özündə birləşdirən “Vətəndaşın büdcə bələdçisi”nə istinadən xəbər verir ki, həmin vəsaitin 391 milyon manatını təhsil xərcləri, 170,3 milyon manatını təqaüd xərcləri, 6,9 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək.

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün növbəti ilə proqnozlaşdırılan vəsaitin 40,6 milyon manatı güzəştli kateqoriyaya aid 21,4 min nəfər tələbənin müvafiq olaraq təhsil və təqaüd xərcləri üçün nəzərdə tutulub.

2025-ci ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının təqribən 9406 nəfər artaraq 149 min 215 nəfər, təqaüd alanların sayının isə 8934 nəfər artaraq 120 min 384 nəfər olacağı gözlənilir.

Qeyd edək ki, təhsil sektoruna dövlət büdcəsindən 4 milyard 937,3 milyon manat vəsait ayrılıb. Bu, 2024-cü illə müqayisədə 386,9 milyon manat və ya 8,5 faiz çoxdur.

Təhsil xərclərlərinin ÜDM-də payı 3,8 faiz, dövlət büdcəsi xərclərlərinin tərkibində payı isə 11,9 faiz təşkil edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər