Dekabrın 25-də Türkmənistanın paytaxtı Aşqabbada “Qış” idman kompleksində türkiyəli müğənni Murat Bozun konserti başlamazdan əvvəl dava düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə mediada məlumat yayılıb.
Bildirilir ki, qadın fanatlar arasında münaqişə oturacaqlar üstündə başlayıb. Biletlərinə uyğun olaraq artıq yerlərini tutmuş qadınlara yaxınlaşan bir qrup tamaşaçı əvvəlcə yerlərini dəyişməyi təklif edib, rədd cavabı alanda isə hədələməyə başlayıb və qalxmağı tələb edib.
Mübahisə davaya çevrilib. Qızlar bir-birinə vurub, saçyolduya çıxıblar. Qızlardan biri içində pivə şüşəsi olan əl çantası ilə rəqibini vurub. Nəticədə 22 yaşlı bir qadın başından yaralanıb.
Polis davanın dörd iştirakçısını bölməyə aparıb. Bundan sonra bölməyə gələn yaxalananların qohumları arasında da dava düşüb.
Polis aranı sakitləşdirdikdən sonra qızlar sərbəst buraxılıb.