Cənubi Koreyanın Muan hava limanında "Boeing 737-800" təyyarəsinin qəzaya uğraması nəticəsində bir nəfər 12 ailə üzvünü itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
Agentliyə danışan həmin şəxs adının açıqlanmasını istəməyib. O bildirib ki, təyyarə qəzasında ölən 12 qohumu üçün yas saxlayır.
“Mən böyük bir ailənin yeganə sağ qalanıyam. Hadisə zamnaı mən özüm də Taylandda idim. Daha sonra qohumlarımdan fərqli olaraq mən Hindistana getdim. Balaca qızımın səsi beynimdə əks-səda verməyə davam edir. O, mənə dedi ki, babasının ad gününü qeyd edəcəklər”, - qəza nəticəsində qohumlarını itirən şəxs deyib.
Sonda o bildirib ki, təyyarə qəzası xəbəri gələn kimi DNT testindən keçmək və səlahiyyətlilərə ailə üzvlərini müəyyənləşdirməkdə kömək etmək üçün dərhal Cənubi Koreyaya qayıdıb.
Qeyd edək ki, Cənubi Koreyanın "Jeju Air" şirkətinə məxsus təyyarə eniş zamanı eniş zolağının sonunda divara çırpılıb və göyərtəsində olan 181 nəfərdən yalnız stüard və stüardessa sağ qalıb.