13:06
223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhidlər xiyabanında 20 yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı hazırlıq işləri görülüb.

Teleqraf.com xəbər verir ki, Şəhidlər xiyabanında Bakı Şəhər İcra Hakimiyyətinin qurumları (BŞİH) tərəfindən cari təmir, geniş təmizlik və abadlıq işləri aparılıb.

Xiyabanda Hüzn günü ilə bağlı kompozisiyalar yaradılıb. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları ənənəvi olaraq Şəhidlər xiyabanında geniş təmizlik və abadlıq işləri görüb, zədələnmiş plitələri dəyişdirilib, ağacların budaqları, bəzi kollar budanıb, qazon örtüyü yenilənib, yeni güllər və kollar əkilib. Xiyabandakı hər iki məşəldə profilaktika aparılıb.

Qurumdan bildirilib ki, hazırlıq işlərinin tam olaraq yanvarın 19-dək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, növbəti həftə 20 Yanvar hadisələrinin 35-ci ildönümü tamam olacaq.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.

1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur.

Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.


Müəllif: Şəbnəm Zahir, Foto: Firudin Səlimov

Oxşar xəbərlər