17:31
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) elektron sisteminin (AQTİS) “E-Fito” (ePhyto) platformasına inteqrasiya işləri yekunlaşıb. Bununla da innovativ həllərin tətbiqi ilə Agentlik tərəfindən fitosanitar sertifikatların elektron verilməsi imkanları daha da genişlənib.

Teleqraf.com xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Elektron fitosanitar sertifikat mübadiləsi olan “E-Fito” fitosanitar sertifikatların ölkələr arasında təhlükəsiz və effektiv şəkildə mübadiləsini təmin edir. Sertifikatlar idxalçı ölkənin fitosanitar tələblərinə cavab verdiyini təsdiqləyərək, ticarət edilən bitkilərin, bitkiçilik məhsullarının və digər tənzimlənən yüklərin zərərvericilər və xəstəliklərdən azad olduğunu göstərir.

Azərbaycana bitkiçilik məhsulları ixrac edən bir çox ölkələr sözügedən sistemə qoşulublar.

Bu sistemin tətbiqi bir sıra üstünlüklər yaradır:

* Effektivlik: Gecikmələri azaldır və sənədlərin fiziki təsdiq olunma ehdiyacını aradan qaldırır.
* Təhlükəsizlik: Sertifikatların etibarlılığını təmin edir və saxtakarlıq riskini minimuma endirir.
* Şəffaflıq: Maraqlı tərəflər üçün real vaxtda yeniliklər və izləmə imkanı yaradır.
* Ekoloji təsir: Kağız istifadəsini və əlaqəli emissiyaları azaldır.

Bu sistem inkişaf etməkdə olan ölkələrin beynəlxalq ticarətdə səmərəli iştirakına imkan yaradır. Çünki elektron sistem böyük infrastruktur sərmayəsi tələb etmir.

Qeyd edək ki, “E-Fito” platformasından istifadə etmək, ixrac və idxal proseslərinin səmərəliliyini, şəffaflığını və təhlükəsizliyini artıracaq, eyni zamanda beynəlxalq standartlara uyğunluğu təmin edəcəkdir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər