10:23
463
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ səfərində bəhanəsi Dini Etiqad Azadlığı Sammitində iştirakdır. Bu tədbirlər hər il paytaxt Vaşinqtonda keçirilir. Formal olaraq bu, Paşinyanın fevralın 3-də başlayan Vaşinqton səfəri üçün əsas olub.

Teleqraf.com xəbər verir ki, bu sözləri erməni politoloq Suren Sərkisyan deyib.

Ekspert hesab edir ki, Paşinyanın əsl gündəliyi bu tədbirlərlə əlaqəli deyil:

“Hər kəs bilir ki, Paşinyanın dinə elə bir marağı yoxdur. Üstəlik, özü də dindar olmayan Arsen Torosyanın da səfərdə iştirakı məni təəccübləndirdi. Bu, o deməkdir ki, onun səfərinin məqsədi başqadır, dini məsələlər isə sadəcə bəhanədir. Düşünürəm ki, səfərin əsl səbəbləri başqadır.

Birinci, Paşinyan üçün Trampın xarici siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini anlaması həyati önəm kəsb edir. Aydınlaşdırmaq istəyir ki, ABŞ-nin dəstəyinə arxalana bilərmi və Tramp Bayden administrasiyasının Paşinyana verdiyi iqtisadi, maddi və siyasi dəstəyi verəcəkmi.

İkinci, bu administrasiyanın Ermənistan-Azərbaycan danışıqlar paketi ilə bağlı mövqeyi Paşinyan üçün həyati əhəmiyyət kəsb edir. O, Tramp komandasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlarda vasitəçiliyi davam etdirməyə hazır olub-olmadığını anlamağa çalışır.

Üçüncü, o bilməlidir ki, bu administrasiya onun “Sülh qovşağı” adlanan konsepsiyasında maraqlıdır, ya yox, eləcə də bunun həyata keçirilməsinə nə dərəcədə dəstək verməyə hazırdır.

Dördüncü, amerikalıların Ankara ilə Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım üçün vasitəçi kimi işləməyə davam edib-etməyəcəyini öyrənməlidir.

Beşinci, Paşinyan Trampın İran və Rusiyaya qarşı siyasətinin necə olacağını bilmək istəyir ki, bu ölkələrlə münasibətlərdə nə qədər manevr imkanları olacaq və ya onlardan nə qədər uzaqlaşa bilər.

Altıncı, o, bu administrasiyanın ümumilikdə Ermənistan-Amerika strateji tərəfdaşlığında nə dərəcədə maraqlı olduğunu anlamağa çalışır.

Yeddinci, nəhayət, Paşinyan ABŞ hakimiyyəti, erməni icması və lobbisini inandırmalıdır ki, Vaşinqton Azərbaycana təzyiq etməyəcək, 907 saylı qətnamədən və Azərbaycana qarşı yönələ biləcək hər hansı digər qətnamələrin mümkün qəbulundan imtina edəcəklər.

Bu suallara ən yaxşı şəkildə Tramp, dövlət katibi, prezidentin milli təhlükəsizlik üzrə müşaviri, müdafiə naziri və müxtəlif dövlət qurumlarının rəhbərləri cavab verə bilər. Görək Paşinyan onlardan hansı ilə görüşəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər