Gürcüstan parlamentində müxalifəti təmsil edən 49 deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın plenar iclasında qəbul olunub.
Deputatların hər birinə ayrı-ayrılıqda səs verilib. Lehinə səs verən parlament üzvlərinin sayı 80-83 arasında dəyişib. Qərarın qəbulu üçün 50 səs tələb olunurdu.
***
11:02
Gürcüstan parlamentində müxalifəti təmsil edən 49 deputatın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilir.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, qanunverici orqanın Prosedur məsələlər və reqlament üzrə komitəsi deputatların müraciətləri əsasında mandatlarının ləğvi məsələsini dəstəkləyib.
Yekun qərar parlamentin plenar iclasında qəbul olunacaq.
Qeyd edək ki, Gürcüstanın hazırkı XI çağırış parlamentində müxalifət 61 mandat əldə edib. Keçmiş baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyası mandatlardan imtina barədə parlamentə yazılı şəkildə hələ müraciət etməyib.
Xatırladaq ki, ötən ilin oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası parlamentdə 150 yerdən 89-nu əldə edib. Dörd müxalif birlik — “Dəyişikliklər naminə koalisiya”, “Milli hərəkat”, “Güclü Gürcüstan” koalisiyası və “Gürcüstan naminə” partiyası mandatlar əldə ediblər. Lakin onlar seçkilərin nəticələrini tanımayıblar və qanunverici orqanda təmsilçilikdən imtina ediblər.