Gürcüstanın builki dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarına ayrılan vəsait məlum olub.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə 62 min lari (38 483 man.), Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına isə 312 min lari (187 605 man.) həcmində vəsait ayrılıb.
İllik müqayisədə muzey üçün nəzərdə tutulmuş dövlət vəsaitinin məbləği dəyişməz olaraq qalıb, teatrın dövlət büdcəsindən maliyyələşdirilməsi isə 1,7 dəfə artıb.
Muzey 40 min larini əməkhaqlarının ödənilməsinə yönəldəcək, 22 min larini isə qanunla icazə verilən xidmətlər əsasında əldə edə biləcək.
Teatr üçün ayrılan vəsaitin 293 min larisi əməkhaqlarının qarşılanması üçün nəzərdə tutulub. Mədəniyyət ocağı il ərzində 18 min lari həcmində qanunvericiliyə uyğun xidmətlər əsasında gəlir əldə etmək hüququna malik olacaq. Digər xərclər üçün isə min lari sərf olunacaq.
Qeyd edək ki, dövlət büdcəsindən Petros Adamyan adına Tbilisi Dövlət Erməni Dram Teatrına Azərbaycan teatrı ilə müqayisədə 2,2 dəfə çox vəsait ayrılıb. Ermənistanın hüdudları kənarında fəaliyyət göstərən yeganə erməni dövlət teatrının builki büdcəsi 689 min lari (414 295 man.) təşkil edir. Vəsaitin həcmi 2024-cü illə müqayisədə 32,7% çoxdur.