10 Mart 2015 20:11
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda iki, üç ulduzlu hotellərin tikintisi üçün sahibkarlara müvafliq güzəştlər edilməlidir. Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyıb.

Onun sözlərinə görə, Azərbaycana daha çox turistlərin gəlməsini təmin etmək üçün iki, üç ulduzlu hotellərin tikilməsinə ehtiyac var.

Assosiasiya rəsmisi qeyd edib ki, hazırda Azərbaycana gələn qonaqların çoxu məcburiyyətdən evlərdə qalırlar. Bu isə onların təhlükəsizliyinin təmini baxımından problemlər yaradır.

İki, üç ulduzlu hotellərin tikilməsini hazırkı bazarın tələbatı sayan M.Ağakərimov bildirib ki, belə hotellərin tikilməsi Azərbaycan iqtisadiyyatı üçün də sərfəlidir: “Sizə bir nümunə göstərim: Bu il Novruz bayramında İrandan gələn turistlərin çoxu evlərdə qalacaq. Əgər 2-3 ulduzlu hotellər olsa, onlar orada yerləşərdilər. Ümumiyyətlə, aztəminatlı qonaqların iki, üç ulduzlu hotellərə ehtiyacı var. Buna görə də sahibkarlar üçün şərait yaradılmalıdır ki, qısa zamanda iki, üç ulduzlu hotellər inşa olunsun. Belə hotellər tikilərsə, bu, orada yerləşən qonaqların sayəsində daha çox vergilərin toplanmasına, həm də qonaqların təhlükəsizlik məsələlərinə öz müsbət təsirini göstərər. Məsələn, Baltikyanı ölkələrdə belə təcrübə var ki, gələn qonaqların hamısı hotellərdə qeydiyyatdan keçməlidirlər. Bu halda statistika da düzgün aparılır. Amma qonaqlar evdə qaldıqda turistlərin statistikasını da düzgün aparmaq olmur”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə Trend-ə açıqlamasında deyib ki, iki, üç ulduzlu hotellərin tikilib istifadəyə verilməsi bu gün nazirlik üçün prioritet hesab olunur. Amma sahibkarlar da öz növbəsində bu məsələdə maraqlı olmalıdırlar.

V.Şıxməmmədov bildirib ki, bununla bağlı nazirliyə daxil olan hər bir təklifə olduqca müsbət yanaşılır.

Nazirlik rəsmisi əlavə edib ki, son vaxtlar iki, üç, dörd kateqoriyalı mehmanxanaların inşasına maraq var: “Mehmanxanalara ulduz Mədəniyyət və Turizm Nazirliyinin müvafiq komissiyası tərəfindən verilir. Son dövrlərdə də iki, üç, dörd ulduzlu mehmanxanaların sayının nisbətən artdığını görmək olur”.

V.Şıxməmmədov deyib ki, bu kateqoriyadan olan mehmanxanalar regionlarda var. Bakıda da belə kateqoriyalı mehmanxanaların sayının artırılmasına ehtiyac duyulur: “Sahibkarlara da bunu tövsiyə edirəm ki, bu məsələdə maraqlı olsalar, daha yaxsı olar. Bakı şəhərinə turist axını çoxaldıqca üç və dörd ulduzlu mehmanxanaların sayının artırılması vacibdir”.


Müəllif:

Oxşar xəbərlər