12 Mart 2015 15:21
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün gənclər və idman naziri Azad Rəhimov Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

Teleqraf.com-un məlumatına görə, Mingəçevir şəhəri Heydər Əliyev mərkəzində baş tutan qəbulda Mingəçevir şəhəri ilə yanaşı, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayon sakinləri də iştirak ediblər.

Qəbulda iştirak edən 40-a yaxın vətəndaş nazir Azad Rəhimova idman, gənclər, tikinti və digər mövzularla bağlı müraciət edib.

Gənclər sahəsində edilən müraciətlər əsasən gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi, QHT yaradılması üçün dəstək, layihələrin maliyyələşdirilməsi, beynəlxalq təlimlərdə iştirak və yay istirahət düşərgələrinin təşkili ilə bağlı olub.

Eyni zamanda, respublika səviyyəli tədbirlərin təşkilinə yardım, məktəblərdə hərbi hazırlıq otaqlarının tərtibatı, “Şahin”, “Cəsurlar” hərbi idman oyunlarının keçirilməsi üçün bazanın yaradılması da gənclər sahəsində edilən müraciətlər sırasında olub.

Fəxri adların, məşqçi dərəcələrinin verilməsi, idman obyektlərinin idman avadanlıqları ilə təmin edilməsi, Uşaq Gənclər İdman Mərkəzinin (UGİM) yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı idman sahəsində edilən müraciətlər olub.

Olimpiya İdman Komplekslərinin və digər idman qurğularının tikilməsi və təmiri, ipoteka kreditlərinin verilməsi, iş ilə təminat, şəxsi məsələlər, sahibkarlığın inkişafı ilə bağlı kreditlərin verilməsi ilə bağlı müraciətlər də qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilib.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər