Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Türkiyənin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində “Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi”nin açılış mərasimi keçirilib.
Şuranın mətbuat xidmətindən Telerqraf.com-a verilən məlumata görə, qonaqlar mərkəzin konfrans zalı və yardımçı otaqlarında QHT-lər üçün yaradılmış şəraitlə tanış olublar.
Mərasimdə çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni 27 iyul 2007-ci ildə QHT-lərə Dövlət Dəstəyi Konsepsiyası təsdiqləndikdən sonra ölkəmizdə ictimai sektorun inkişafı sahəsində mühüm irəliləyişlərin müşahidə olunduğunu deyib. O, Bakı QHT-lərinə xidmət edəcək Mərkəzin yaradılmasının şura və TİKA-nın birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu qeyd edib və hər iki tərəfə təşəkkürünü bildirib.
Şura sədri, millət vəkili Azay Quliyev mərkəzin yaradılmasının QHT-lər üçün xüsusi əhəmiyyət daşıdığını və onların resurslarının artırılmasına xidmət etdiyini bildirib. O, şuranın yaradılmasından ötən yeddi il ərzində vətəndaş cəmiyyətinin inkişafı üçün çoxsaylı proqramlar həyata keçirdiyini deyib. Şura sədri 2000-ci ildən başlayaraq ölkənin beş bölgəsində - Şəmkir, Şirvan, Qəbələ, Quba və Mingəçevirdə Resurs və Təlim Mərkəzlərinin təsis olunduğunu, ancaq Bakıda belə qurumun mövcud olmadığını qeyd edib. Şura sədri mərkəzin açılmasını Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı”nın icrası istiqamətində və QHT-lərlə dövlət arasında dialoqun inkişafı sahəsində irəliyə doğru atılmış mühüm addım olduğunu vurğulayıb: “Türkiyə və Azərbaycanın yalnız dost və qardaş deyil, eyni zamanda həm də ortaq maraq və problemlərə malik dövlətlərdir. Sevindirici haldır ki, qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq bu gün Azərbaycan və Türkiyə dünyanın enerji xəritəsində mühüm rola sahibdirlər. Dünən prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə əsası qoyulan TANAP layihəsi bu istiqamətdə gücümüzü daha da artıracaq. Çox şadam ki, TİKA şura olaraq bizim təşəbbüsümüzü dəstəklədi və qısa müddət ərzində mərkəzin texniki avadanlıqlarla təchizatını həyata keçirdi. Bu əməkdaşlıq formasının gələcəkdə daha geniş istiqamətlər üzrə inkişaf etdirilməsini istəyirik”.
Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili İsmayıl Günəş hər zaman 1918-ci ildə Anadoludan gələrək Azərbaycanın azadlığı üçün vuruşan şəxsləri, Qarabağ şəhidlərini rəhmətlə andıqlarını deyib. Türkiyəli millət vəkili Mərkəzin açılmasının Türkiyə-Azərbaycan arasındakı əlaqələrin inkişafı baxımından təqdiralayiq addım olduğunu qeyd edib.
TİKA başqan yardımçısı Mehmet Sürəyya Ər mərasimin Çanaqqala savaşının 100-cü ildönümünə təsadüf etdiyini və iki qardaş dövləti Azərbaycandan Türkiyəyə və Osmanlıdan Bakıya köməyə gələrək vuruşub şəhid olanların sarsılmaz bağlarla birləşdirdiyini deyib. M.S.Ər TİKA-nın kənd təsərrüfatından səhiyyəyədək ən müxtəlif sahələrdə layihələr həyata keçirdiyini, QHT-lərin fəaliyyətini dəstəkləməyə isə xüsusi önəm verdiklərini bildirib.
Professor Okan Yaşılot və TİKA-nın Azərbaycandakı koordinatoru Mustafa Haşim Polatda toplantıda çıxış edərək mərkəzə fəaliyyətində uğurlar arzulayıblar.
Mərasimdə Türkiyə və Yaponiyanın Azərbaycandakı səfirliklərinin, ATƏT-in Bakı ofisinin, Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin, QHT və media qurumlarının təmsilçiləri iştirak edib.
BƏXTİYAR