Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Avropa Herontologiya və Heriatriya Assosiasiyasının prezidenti, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Vladimir Xavinsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMEA-dan Teleqraf.com-a bildiriblər ki, görüşdə akademik Akif Əlizadə iki ölkə arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq və dostluq münasibətlərinin uzun illərdir mövcud olduğunu qeyd edib. Bildirilib ki, bu əlaqələrin daha da genişləndirilməsi böyük əhəmiyyət kəsb edir.
O. qonaqlara akademiyanın tarixi, elmi müəssisə və təşkilatlarında aparılan mühüm elmi tədqiqatlar barədə məlumat verib.
Vladimir Xavinson görüşə və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirib. Rusiyalı alim insan ömrünün uzadılması problemləri və müvafiq dərman preparatlarının hazırlanmasında yeni texnologiyaların tətbiqi, həmçinin bu sahədə lazımi kadr hazırlığı məsələlərindən söz açıb.
AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru Ulduz Həşimovanın və Rusiya Tibb Elmləri Akademiyasının Şimal-Qərb bölməsinin Sankt-Peterburq Biorequlyasiya və Herontologiya İnstitutunun elmi kliniki işlər üzrə direktor müavini, “Drevo jizni” Tibb mərkəzinin baş direktoru, professor Svetlana Trofimovanın da iştirak etdiyi görüşdə antiqocalma texnologiyaları, həmçinin dünyada biofizika və bioinformatika sahəsində aparılan tədqiqatlar, eləcə də hər iki qurum arasında gələcək əməkdaşlıq üçün birgə tədqiqat istiqamətləri müzakirə edilib.