Bu gün Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin müşavirəsi keçirilib. Şuranın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, müşavirədə qurumun fəaliyyəti, qarşıdan gələn I Avropa Oyunlarına hazırlıqla bağlı QHT-lərin fəaliyyətinin səfərbər olunması, ölkə daxilində və xaricdə Azərbaycanın milli maraqlarının müdafiəsinə həsr olunan çoxsaylı layihələrin icrası, QHT-lərin fəaliyyətlərinin təkmilləşdirilməsi üçün yaradılmış innovativ resurslar və digər yeni xidmətlər müzakirə olunub, şuranın ayrı-ayrı struktur bölmələrinin hesabatları dinlənilib.
Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun qurumun ötən müddət ərzində gördüyü işlər haqda məruzəsi dinlənilib. O bildirib ki, şuranın Əsasnaməsinə və QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasına uyğun olaraq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqda onların ən müxtəlif təşəbbüsləri dəstəklənmiş və ölkədə vətəndaş cəmiyyətinin inkişafı məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Sonra icraçı direktor şuranın son aylarda həyata keçirdiyi iri miqyaslı layihələr haqda qısa arayış verib. O, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfransın keçirilməsini xüsusi qeyd edib. Bundan başqa Azərbaycanda fəaliyyət göstərən səfirliklər və yerli QHT nümayəndələrinin iştirakı ilə “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydası” və “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydası” sənədlərinin şurada ictimai müzakirəsindən danışıb. Şuranın maliyyə dəstəyi ilə Demokratik Tələbə Gənclər Təşkilatının (ADTGT) həyata keçirdiyi “Şuşaya Azadlıq” beynəlxalq kampaniyasının xarici tərəfdaşlarının Bakı Toplantısı” layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan 19 xarici ölkənin QHT-ləri ilə görüş də əhəmiyyətli tədbirlər sırasında xüsusi vurğulayıb.
İcraçı direktorun çıxışından sonra beynəlxalq şöbənin, informasiya resurslarının rəhbərlərinin, mühasibatlıq və maliyyə şöbəsinin, kordinator və proqram rəhbərlərinin məruzələri dinlənilib.
Yekunda şura sədri Azay Quliyev “Bakı-2015” ilk Avropa oyunlarına hazırlıqla bağlı QHT təmsilçilərinin üzərinə düşən vəzifələrdən danışaraq, şura əməkdaşlarının, QHT təmsilçilərinin fəallığının artırılması, onların bu sahədə təkliflərinin dəsətklənməsi ilə əlaqədar müvafiq tapşırıqlar verib. Bundan başqa A.Quliyev şuranın xarici təşkilatlar üçün elan olunan müsabiqələrin uğurlu nəticələri, Azərbaycan haqda həqiqətələrin dünya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadığından söz açaraq, Almaniyanın “TV Berlin” və Fransanın “TV Monde” kanalları ilə yayımlanan silsilə verilişləri xatırladıb.
Şura sədri QHT təmsilçiləri ilə kommunikasiyanın genişləndirilməsi, layihələrin effektivliyinin artırılması, hesabatlılığın təkmilləşdirilməsi üçün şuranın elektron resurslarının imkanlarının genişləndirilməsindən danışıb və QHT-lər üçün yaradılan “şəxsi kabinet” resursunun gələcəkdə QHT işinin təkmilləşdirilməsi istiqamətində səmərəli rol oyanayacağını bildirib. Şura sədrinin daha bir tapşırığı QHT-lər üçün şuranın təlim modulları standartının hazırlanması, tədris vəsaitlərinin nəşri haqda olub.
Ümumilikdə Şura sədri rəhbərlik etdiyi qurumun fəaliyyətini qənaətbəxş qiymətləndirib.
Bəxtiyar