Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun “Neft mənşəli kaustobiolitlərdən alınan nanokarbon materialları əsasında katalizatorların sintezinə və tətbiqinə dair fundamental tədqiqatlar (INTERLABCAT)” adlı beynəlxalq laboratoriya yaradılacaq. Bu barədə Rəyasət Heyətinin növbəti iclasında qərar qəbul olunub.
AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, iclasda çıxış edən Kimya Elmləri Bölməsinin akademik katibi, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun (KQÜKİ) direktoru Dilqəm Tağıyev bidirib ki, institut Berlin Texniki Universiteti, Belarus Milli Elmlər Akademiyasının (BMEA) İstilik və Kütlə Dəyişməsi İnstitutu və Böyük Britaniyanın Huddersfild Universiteti ilə neft mənşəli kaustobiolitlərdən karbon nanomaterialların alınması və onların karbohidrogenlərin oksidləşməsi proseslərində katalizator kimi tətbiqi sahəsində əməkdaşlıq edir.
Akademik vurğulayıb ki, beynəlxalq laboratoriyanın iştirakçıları neft xammalından karbon nanomateriallarının alınmasının əsaslarının işlənib hazırlanmasında və tam metroloji attestasiyasının aparılmasında, funksionallaşdırılmasında, onların müasir fiziki-kimyəvi tədqiqat üsullarının vasitəsi ilə analiz edilməsində, həmçinin alınmış nanokarbon materiallarının oksidləşmə proseslərində istifadə olunmasında maraqlıdırlar.
KQÜKİ, Berlin Texniki Universiteti, BMEA-nın İstilik və Kütlə Dəyişməsi İnstitutu və Huddersfild Universitetinin birgə tədqiqatlarının nanokarbon materiallarının sintezinə, onların analitik identifikasiyasına, təsvirinə, eləcə də, funksionallaşdırılmasına və tətbiqinə həsr olunacağı qeyd edilib.
INTERLABCAT laboratoriyası neft mənşəli nanokarbon katalizatorlarının alınması və onların tətbiqinin həlli istiqamətində beynəlxalq tədqiqat proqramının həyata keçirilməsinə imkan verəcək. Akademik bildirib ki, laboratoriyanın fəaliyyəti nəticəsində yeni fundamental müddəalar və nəticələr təqdim edilməsi planlaşdırılır.
NİGAR