Gənc qalmağın sirri, sən demə, ayaqların altında gizlənib. Hələ qədim dövrlərdən dabanla daxili orqanlar arasında əlaqə olduğu bəlli olub. Belə ki, pəncəni müntəzəm olaraq masaj etmək qan dövranını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, insanların uzun ömürlü olmasına kömək edir, orqanizmi isə gənc saxlayır.
Publika.az bu yazıda pəncəni masaj etməyin faydaları və ağrıyan ayaqları bu yolla rahatlaşdırmağın üsullarını təqdim edir:
Bu gün hamı xüsusi maliyyə xərcləri tələb etməyən proseduralar sayəsində, üstəlik, az zəhmətlə gözəl və sağlam olmaq istəyir. Bu isə heç də düşünüldüyü kimi qeyri-real deyil. Belə üsullardan biri də pəncənin masajıdır.
Bəs, bu necə edilir?
İnsan pəncəsi praktik olaraq tamamilə bioloji aktiv nöqtələrlə örtülüdür. Hansı ki, sadəcə barmaqlara toxunmaqla, ya da qum və ya çınqıl təsiri nəticəsində bütün daxili orqanların işini fəallaşdırmaq mümkündür. Orqanizmin bütün sistemini hərəkətə gətirmək üçün gündə cəmi 10 dəqiqəlik masaj kifayətdir.
Pəncələrin masajı nəyə faydalıdır?
Qan dövranını yaxşılaşdırır;
Dərialtı yağ toxumalarını və piyi yox edir;
Metabolizm prosesini gücləndirir;
Həzm prosesini stimullaşdırır;
Artıq çəki ilə mübarizə aparır;
Dərini canlandırır;
Yorğunluğu azaldır;
Qəbizliyi aradan qaldırır;
Babasili, sidik saxlaya bilməmək kimi problemləri sağaldır;
Pəncələrin masajı yaşlı insanlarda bəzi xəstəliklərin müalicəsi ilə yanaşı, ümumi sağlamlığının qorunması üçün xüsusilə vacibdir.
Aşağıda təqdim olunan şəkildə ayaq pəncəsinin hansı hissəsinin hansı orqanın şəfası üçün faydalı olduğu göstərilib. Hər axşam yatmazdan qabaq 10-15 dəqiqə masaj edin. Nəticəni isə artıq bir həftədən sonra hiss edəcəksiniz.
Ağrıyan ayaqları rahatlaşdıran üsullar
Ağrıyan ayaqları rahatlaşdırmaq üçün qaya duzu və bir xörək qaşığı adaçayı qatılmış ilıq suda 10 dəqiqə saxlayın. Bu su eyni zamanda ayaq qoxularının və tərləməsinin də qarşısını alır.
Bir stəkan qoz pərdəsi, bir çay qaşığı istiot otu və kamforanı yaxşıca əzib toz halına gətirin. İsti su ilə masaj etdikdən sonra ağrıyan yerlərə sürtün.
Yaxud, bir stəkan quş üzümü və bir çay stəkanı sədəfotunu bir qaba qoyub üstünə su əlavə edərək bişirin. Əldə etdiyiniz qarışığı ağrıyan yerlərə sürtün.
Zanbaq yağı formulu
Üç ovuc dolusu zanbağı incə doğradıqdan sonra, zeytun yağı ilə dolu bir bankaya qoyaraq ağzı örtün. İki həftə ərzində günəş altında saxlayın. 2 həftədən sonra bir banka qaynar suda bir qədər saxlayıb tənzifdən keçirin. Əlinizdə özünüzün hazırladığınız zanbaq yağı var. Həmin yağ əllər, barmaq uclarından topuqlara qədər uzanan sinir ağrılarını da yox edir. Bundan başqa, soğan suyu, bal və yumurta ağı ilə qarışdıraraq krem hazırlamaq olar. Krem halına gətirildikdən sonra axşamlar üzə maska kimi sürtün.