Qaraciyər serrozu olan 27 yaşlı Mingəçevir sakini Pərviz Quliyev ölümlə üz-üzə qalıb. Əgər 1 ay müddətində əməliyyat olunmasa, gənc yaşında öləcək.
Xəstənin anası, Mingəçevir şəhərinin Əkinçi küçəsində yaşayan Quliyeva Sədaqət övladının ömrünə cəmi 1 ay qaldığını bildirir.
Hörmətli sayt rəhbərliyi! Bu məktubu sizə son ümid yerlərindən biri kimi, həyat yoldaşımın və özümün göz yaşları içərsində yazıram. Bildirmək istəyirəm ki, tək oğul övladım olan 1988-ci il təvəlldülü Pərviz Quliyev hazırda ölümlə üzbəüzədir. Belə ki o qaraciyər serrozudur, həmçinin dalaq sürətlə böyüyür. Çox qısa vaxtda qaraciyəri dəyişdirilməlidir.
Həkimlərin son rəyinə görə, qaraciyər sürətlə daşlaşır və onun həyatı olduqca təhülkəli bir həddə gəlib çatıb. Əgər 1 ay müddətinə əməliyyat aparılmasa, çox gənc yaşında ömrünün son günlərini yaşayacaq. Artıq Millət vəkili Aydın Mirzəzadənin dəstəyi nəticəsində Səhiyyə nazirliyi əməliyyat üçün tələb olunan 50-55 min manatın 50 faizini öz üzərinə götürüb. Mərkəzi Neftçilər xəstəxanasında cərrahiyyə əməliyyatına lazım olan məbləğin yarısını ödəmək isə mənim imkanlarım xaricindədi. Çünki, neçə ildir onun müalicəsi üçün evimizi, hətta qapımızdakı bütün heyvanları satmışıq. Həyat yoldaşım fəhləlik etməklə ailəni güc-bəla ilə dolandırır və maddi durumumuz olduqca ağırdır.
Ona görə sizdən dönə-dönə xahiş edirəm ki, mənim və həyat yoldaşımın göz yaşlarını nəzərə alıb, 27 yaşlı tək oğul övladımın həyatda qalması naminə imkan daxilində köməklik göstərəsiniz. Bəlkə də tabeliyinizdə çalışan hər bir əməkdaşın verəcəyi 3-4 manat da oğlumun həyatını xilas edə bilər. Bu, əlacsız bir atanın, çarəsiz bir ananın yalvarış səsidir. Sizin xeyirxahlığınıza güvənirəm. Ümidimiz sizədir, bizi gözüyaşlı qoymayın!
Öncədən dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,əsgər anası Quliyeva Sədaqət
Mingəçevir şəhəri,05 avqust 2015-ci il
Əlaqə nömrəsi: 070-730-10-07---024-27-6-38-84".