11 Avqust 2015 14:12
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Şəhidlər Xiyabanını ziyarət edərək cəbhə bölgələrinə yola düşüblər.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, sıralarında üç min nəfərdən çox veteranı birləşdirən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin fəaliyyətində əsas istiqamətlərdən biri gənclərin orduya hazırlanması, hərbi vətənpərvərlik tərbiyəsi, xüsusilə də Silahlı Qüvvələr şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsi istiqamətində məqsədyönlü işin aparılmasıdır.

Təşkilatın sədri Məhəmməd Vəliyev cəbhə bölgələrinə yola düşməzdən öncə deyib ki, digər QHT-lər kimi bizim ictimai birlik də ölkə rəhbərliyinini daimi diqqət və qayğısı ilə əhatə olunub: “Müvafiq nazirlik və komitələr böyük köməkliklər göstərir. Bu günlərdə təşkilatımıza yeni ofis də verilib. Biz də çalışırıq ki, həmişə, hər yerdə xalqımıza, dövlətimizə sədaqət nümunələri göstərək.

Ümummilli lider Heydər Əliyev biz Əfqanıstan müharibəsi veteranlarını böyük qüvvə kimi qiymətləndirərdi. 1993-cü ilin 2 noyabrında ulu öndərin televiziya vasitəsilə xalqa müraciət edəndə dahi rəhbərimizin səsinə ilk səs verənlər məhz Əfqanıstan müharibəsi veteranları olub. İki gün sonra bizi indiki Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində qəbul edən əbədiyaşar Ali Baş Komandanımızın o vaxt dediyi sözləri heç vaxt unutmuruq:"Əgər Azərbaycan oğulları, Azərbaycanın yetirmələri başqa bir ölkədə, sovet ordusu tərkibində vuruşa bilirdilərsə, qəhrəmanlıq nümunələri göstərə bilirdilərsə, deməli, onlar öz torpaqlarını daha cəsarətlə, ürəklə qoruya bilər və torpaqlarımız uğrunda döyüşə bilərlər".

Bəli, biz o gün xalqımızı və dövlətimizi min cür bəlalardan xilas edən ulu öndərdən xeyir-dua alaraq Qarabağ uğrunda döyüşlərə yollandıq. Şəhidlərimiz də az olmadı. Səkkiz nəfər silahdaşımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görüldü, onlarla Azərbaycan əfqanı müstəqil dövlətimizin yüksək döyüş orden və medalları ilə təltif olundu. Hazırda Silahlı Qüvvələrin sıralarında, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrinin müəllim və zabit heyətlərinin tərkibində də Əfqanıstan müharibəsi veteranları kifayət qədərdir və biz Ali Baş Komandanın əmrlərinə hər an hazırıq”.

M.Vəliyev cəbhə bölgələrinə növbəti səfərlə bağlı vurğulayıb ki, son vaxtlar cəbhədə Ermənistan silahlı bölmələri daha da fəallaşıb: “Hər gün atəşkəs rejimi pozulur. Lakin Azərbaycan əsgəri qəhrəmanlıq nümunələri göstərərək cavab atəşləri ilə düşməni susdurur, kəşfiyyat-təxribat qrupları əvvəlcədən aşkarlanaraq qarşısı mərdliklə alınır. Təxribat uçuşları edərək hava məkanımıza daxil olmuş düşmən helikopterinin vurulması, bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi bütün xalqımız kimi bizi də sevindirir. Fəxr edirik ki, ordu quruculuğu məsələləri Ali Baş Komandanımızın prezident kimi fəaliyyətində prioritetdir. Biz fəxr edirik ki, Müdafiə Nazirliyi rəhbərliyinin səsi-sorağı mütəmadi olaraq cəbhə bölgələrindən, ön səngərdən gəlir. Həm ordumuz, həm də xalqımız işğal olunmuş torpaqlarımızı tezliklə azad etmək əzmi ilə yaşayır. Möhtərəm prezidentimiz cənab İlham Əliyevin və müdafiə naziri general-polkovnik Zakir Həsənovun son vaxtlar səsləndirdikləri fikirlər bizi yenidən hərəkətə gətirib. Tətilimizi yarımçıq qoyaraq bu gün cəbhə bölgəsində, Azərbaycan əsgərinin yanında, onunla bir yerdə ön səngərdə olmağı qərara almışıq”.

Əfqanıstan müharibəsi veteranlarını cəbhəboyu bölgələrdə müşaiyət edəcək Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani isə bildirib ki, bir həftə davam edəcək bu səfər zamanı cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşlər təşkil olunacaq: “Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əfqanıstan müharibəsi veteranları olan Milli Qəhrəmanlar anılacaq, peşəkar veteranlar müxtəlif hərbi ixtisaslar üzrə gənc əsgərlərlə məşğələlər keçəcək, birgə təlimlərə qatılacaq, ayrı-ayrı postlarda gecə döyüş növbəsində duracaqlar. Bütün bunlar hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə və qarşıya qoyulmuş müqəddəs vəzifələrin qələbə ilə nəticələnəcəyinə yönəldilmiş tədbirlərdir”.

Veteranlardan iki dəfə "Qırmızı Bayraq" ordenli ehtiyatda olan polkovnik-leytenant Şakir Əhmədov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, "Qırmızı Ulduz" ordenli Əbülfət Hüseynov və Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov böyük əminliklə bildiriblər ki, Əfqanıstan müharibəsi veteranlarının cəbhəboyu bölgələrə bu səfərləri həm Vətən müdafiəçilərinin, həm də veteranların həyatında unudulmaz hadisəyə çevriləcəkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər