23 Sentyabr 2015 18:59
3 172
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Meybəliyev: “Bu kurslara vəzifəli şəxslər, eləcə də həkim ixtisasına sahib kadrlar cəlb olunur”

Təkcə Azərbaycanda deyil, bütün dünyada müxtəlif sahələrdə ixtisasların profili genişlənir və başqa ixtisaslara inteqrasiya olunur. İllər öncə müəllimlik təkcə pedaqoji fəaliyyətlə məhdudlaşırdısa, hazırda müəllimin informasiya texnologiyaları sahəsində biliyinin olması, təşkilatçılığı da vacib sayılır. Eləcə də səhiyyə işçisinin informasiya texnologiyaları biliklərinə, idarəçiliyə, səhiyyə menecmentliyinə sahiblənməsi də əsas şərt kimi qəbul olunur.

Buna görə də son illər həkimlər kurslara cəlb olunaraq digər peşələrə uyğun təkmilləşdirilir.

Buna misal olaraq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) başlanılacaq kadr hazırlığını qeyd etmək olar. Universitetdə ilk dəfə Türkiyə universitetləri arasında akademik reytinqinə görə 1-ci sırada, QS (dünya universitetlərinin reytinqi “Quacquarelli Symonds”) reytinqinə görə dünyada 601-ci sırada olan Hacettepe Universiteti ilə əldə olunan razılığa əsasən, “Səhiyyə menecmenti” ixtisası üzrə magistratura pilləsində ikili diplom proqramı təşkil ediləcək.

Proqram UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində reallaşdırılacaq. Proqrama əsasən, magistrlar hər iki universitetdə mübadilə formasında təhsil alacaqlar. Türkiyə Respublikası Ali Təhsil Şurası layihənin reallaşdırılmasına dəstək verəcək. Bununla bağlı Türkiyəyə səfəri çərçivəsində UNEC-in rektoru, professor Ədalət Muradovla Ali Təhsil Şurasının (YÖK) sədri, professor Yekta Saraç arasında razılıq əldə olunub.

Mövzu ilə bağlı UNEC-in mətbuat xdimətindən bildirdilər ki, “Səhiyyə menecmenti” ixtisası üzrə kadr hazırlığının həyata keçirilməsində əsas məqsəd ölkədə fəaliyyət göstərən çoxsaylı özəl tibb müəssisələrin peşəkar idarəetməsinə dəstək göstərməkdir: “Qərb ölkələrindəki təcrübəyə əsasən, bu tip müəssisələrin idarəedilməsi ixtisaslaşmış menecerlər tərəfindən həyata keçirilir. UNEC bu proqram vasitəsilə Azərbaycanda səhiyyə menecerlərinə olan kadr tələbatını ən qısa zamanda ödəyə biləcək. Hacettepe Universiteti səhiyyə menecmenti ixtisasında peşəkar kadrların yetişdirilməsində böyük təcrübə malikdir. Ali təhsil müəsissəsinin tibb fakültəsi QS reytinqinə görə dünyada 301-ci sırada qərarlaşıb”.

Kurslarda nə öyrədilir?

“Səhiyyə menecmenti” ixtisası hazırlığı üzrə aidiyyatı qurumların - Səhiyyə Nazirliyi, Azərbaycn Tibb Universiteti deyil, UNEC-in iş aparması da maraqlıdır. Təhsil müəssisəsindən bildirdilər ki, bu kurslarda daha çox iqtisadi idarəçilik, menecmentlik öyrədildiyi üçün bu iş həm də UNEC-in fəaliyyətinə aiddir.
Ölkədə çoxalan özəl tibb müəssisələri, əczaçılıq firmaları üçün səhiyyə menecmenti ixtisaslı kadrlara böyük ehtiyac var. Bunu vakant iş elanları portallarında da görmək olar. Aidiyyəti qurumların belə kurslar təşkil edib-etmədiyini öyrəndik.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirdilər ki, sonuncu dəfə ötən ilin may ayında Rusiya Federasiyasının Diplomdan sonrakı Tibb Akademiyası arasında imzalanmış sazişə əsasən, akademiyanın professor və dosent heyəti tərəfindən infeksion xəstəliklər və səhiyyə menecmenti üzrə kurslar təşkil olunub: “Ondan əvvəl də bu cür kurslar təşkil olunub. Adətən kurslarda iştirak edənlər Səhiyyə Nazirliyinin tabeliyində olan xəstəxana və tibb mərkəzlərində hazırda çalışan mütəxəssislər olur”.

Nazirlikdən bildirdilər ki, bu kurslar Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda keçirilir. İnstitutun elmi işlər üzrə prorektoru Əli Meybəliyev bildirdi ki, artıq on ilə yaxındır təhsil müəssisəsində “səhiyyə menecmentləri” hazırlanır: “Bu kurslara vəzifəli şəxslər, eləcə də həkim ixtisasına sahib olan kadrlar cəlb edilir. On ilə yaxındır bu kurslar təşkil olunur, gələn ilin əvvəllərində yeni tərkibdə mütəxəssislərin kurslara cəlb olunacağı nəzərdə tutulub. Kurslarda səhiyyədə menecmetlik, yəni təşkilatçılıq öyrədilir”.

“Səhiyyə menecmentlərinin özünütədqimatı aşağı səviyyədədir”

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin pedaqoqu, “Menecment” dərsliyinin müəllifi Ağəsəf İmran deyir ki, hazırda təkcə səhiyyə işçiləri üçün deyil, əksər sahələrdə çalışanların menecment biliyinin olması vacibdir, çünki bu kapitalizmin tələbidir: “Çoxları bunu yanlış anlayır, əslində qlobal idarəetmədən fərqli olaraq ”menecment" ifadəsi daha çox müəssisələrin və firmaların idarə edilməsinə aid edilir. Misal üçün, dövlətin, şəhərin və yaxud ordunun idarə olunması prosesləri menecmentlə əlaqələndirilmir və bu hallarda “menecment” və “menecer” ifadələri işlədilmir.

Müasir anlamda menecment - bazar iqtisadiyyatı şəraitində müəssisənin idarə edilməsidir. “Menecer” anlayışı isə şəxsiyyətlə bağlıdır və o, muzdla tutulmuş idarə edən rəhbərdir, idarəetmədə iştirak edən şəxsdir. Yuxarıda qeyd olunduğu kimi, menecerlər müəssisə, təşkilat, firma, şirkət və birliklər səviyyəsində çalışan idarəetmə mütəxəssisləridirlər. Hər bir menecerin 3 əsas vəzifəsi var - işçiləri (kadrları) idarə etmək, istehsalı və ya texnologiyanı idarə etmək, informasiyanı idarə etmək".

Pedaqoqun sözlərinə görə, Səhiyyə Nazirliyinin keçirdiyi kurslar ali təhsill şəxslərin təkmilləşməsi üçün nəzərdrə tutulub və burada ixtisasından asılı olmayaraq bir çox tibb işçisi kurslara çəlb olunur: “Bu yaxşı haldır, amma son vaxtlar hamı tibbi fəaliyyətlə məşğul olan firma nümayəndələrindən narazılıq edir. Haqlı iraddır. Çünki onlar iş vaxtında həkimlərin xəstələri qəbul zamanına müdaxilə edirlər. Səhiyyə menecmentlərinin özünütədqimatı aşağı səviyyədədir. Bu kurslar tez-tez təşkil olunmalı və cərahhiyədən tutmuş tibbin digər biznes maraqlarını əhatə etməlidir”.

Xaricdə səhiyyə menecmentlərinə sosial xidmət sahələrindən tutmuş böyük miqyaslı tədbirlərə qədər çox yerdə ehtiyac var. Bizdə də I Olimpiya Oyunlarında səhiyyə menecmentlərinin cəlb olunduğunu gördük.
Xatırladaq ki, “Bakı 2015" I Avropa Oyunlarında ATU-dan səhiyyə menecmentləriylə birlikdə 1000-ə yaxın könüllü iştirak edib. Nəzərə alsaq ki, növbəti illərdə də Azərbaycan bu cür böyük tədbirlərə ev sahibliyi edəcək, səhiyyə menecerlərinin hazırlığı vacib sayılır.

Naibə Qurbanova


Müəllif:

Oxşar xəbərlər