18 Dekabr 2015 11:19
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abituriyentlərin mexaniki əzbərləmə ilə ali məktəblərə hazırlığı bəzi təhsil mütəxəssislərinin fikrincə özünü doğrultmur. Dərk etmədən öyrənmə, mexaniki əzbərləmə abituriyentin özünəgüvənini itirir, imtahan həyəcanını artırır. Təhsil nazirinin müşaviri Hüseyn Əliyev jurnalistlərlə görüşlərindən birində demişdi ki, TQDK-nın ali məktəblərə qəbul imtahanında 700 bal toplayan bir məzun müəllimlərin işə qəbul imtahanında minimum bal belə yığa bilməyib.

Ötən aydan fəaliyyətə başlayan abituriyent hazırlığı üzrə innovativ "Dərs Evi" şirkətindən isə vəd edilir ki, xüsusi hazırlıq yolu ilə abituriyentin həm həyəcanının qarşısı alınacaq, həm də yüksək səviyyədə hazırlıq keçiləcək.

"Dərs Evi" abituriyentlərin imtahan həyəcanını yox etmək üçün nə təklif edir? Bəzi hallarda yerli mühit öyrənilmədən qabaqcıl ölkələrin təcrübəsi tətbiq olunur, ancaq bu tətbiq özünü doğrultmur. "Dərs Evi" daha çox hansı ölkələrin təcrübəsini tətbiq edəcək və yerli mühit necə öyrənilib?
Suallarımıza şirkətin marketinq şöbəsi cavablanırdı.

Cavabda bildirilir ki, "Dərs Evi" kursları iki ekspertlər qrupunun birgə fəaliyyətinin nəticəsidir. Birinci qrup Azərbaycanın ən təcrübəli müəllimlərindən, ikinci isə Qərb mütəxəssislərindən ibarət komandadan təşkil olunub: "Onlar standartlaşdırılmış test imtahanlarına hazırlıq sahəsində çoxillik təcrübəyə malikdirlər. Bu testlər Qərbdə TQDK-dan daha əvvəl yaradılıb və bu müddət ərzində imtahanlara daha effektiv yanaşma müəyyən edilib.

Beləliklə, "Dərs Evi" uzun illər nəticəsində qazanılan bilik və təcrübədən istifadə edərək Azərbaycanda yeni növ imtahanlara hazırlıq üzrə tədris mərkəzinin yaradılmasına nail oldu".

"Dərs Evi" təmsilçiləri hesab edir ki, imtahana hərtərəfli hazırlaşmaq lazımdır və uğura aparan yol üç vacib amildən keçir: "Birinci, fənnin və onu əhatə edən materialların öyrənilməsi. İkincisi, imtahanın özünün öyrənilməsi. Bu bizə imkan verir ki, öz biliklərimizi imtahanda ballara çevirə bilək. Məsələn, hamı bilir ki, fənləri tam bilsək də sadəcə imtahan zamanı olan diqqətsizliyə, vaxtın düzgün bölüşdürülməməsi, sualların tərtibatını bilməməyimizə görə də bal itirə bilərik.

Üçüncüsü, psixoloji hazırlıq. Abituriyent imtahana yalnız bilik cəhətdən hazır olmamalıdır, o, həm də özünə inanmalı, imtahanda nə edəcəyini bilməli və stresli vəziyyətlərə qarşı hazırlıqlı olmalıdır.

Bu üç şərtin vəhdəti və kursun tədris prosesinə tam inteqrasiyası nəticəsində abituriyent imtahana tam şəkildə hazırlaşmış olur.

Bundan başqa, effektiv təlim prosesindən - qısa müddətdə maksimum nəticə əldə etmək üçün Qərbdə artıq istifadə olunan, lakin Azərbaycanda çox az rast gəlinən tədris sistemindən istifadə olunur. Tapşırıqların verilməsi, dərs zamanı həll olunması və imtahanda tətbiqi yolları dəqiqliklə düşünülüb və planlaşdırılıb.

Müəllimlərimiz hər şeydən əvvəl sadəcə təlimçi yox, həm də abituriyentləri ruhlandıran və motivasiya edən liderlərdir. Qeyd edək ki, seçim üçün dörd yüzdən artıq müraciət daxil olub və onlardan yalnız 30 nəfər "Dərs Evi" müəllimi olmaq hüququnu qazanıb.

Müəllimlərimiz Qərb mütəxəssislərindən və yerli ekspertlərdən daim konsultasiya alırlar. Onu da deyək ki, müəllimlər "Dərs Evi"ndə işləmək üçün məlumatı "Dərs Evi" saytının müvafiq bölümündən əldə edə bilərlər. Dərslər həm rus, həm də Azərbaycan bölmələri üçün keçirilir".

Daha sonra qeyd edilir ki, tədris iki hissədən ibarətdir: evdə və sinifdə. Sinifdə mühazirələr oxunur, lazım olan nəzəriyyələr başa salınaraq testlər vasitəsilə tətbiqi öyrədilir. Ev tapşırıqları TQDK-nın test bankı kitablarından verilir, çünki həmin sualların bir hissəsi hər il imtahanlarda istifadə olunur.

Bundan əlavə, müəllim abituriyentlərə dəqiq iş planı verərək onların tapşırıqların öhdəsindən fərdi şəkildə necə gəldiklərini müəyyən edir. Keçilmiş dərslərin qavranma dərəcəsini müəyyən edən görüşlər təşkil olunur və bu görüşlərdə abituriyentlər öz biliklərini müəllimin nəzarəti altında yoxlayıb suallar verə bilər.

Abituriyentlərin psixoloji hazırlığı üçün şirkətdən bildirilir ki, hazırlığın hər psixoloji aspekti üzərində ayrıca işlənir və bu, yalnız imtahandan əvvəl yox, bütün kurs boyu icra edilir.

Təhsil mərkəzinin yaxın gələcəkdə şəhər daxilində və Azərbaycanın regionlarında da filialları açılacağı da qeyd edilib. 2016-ci il 11 yanvar - 3 iyul dövrünü əhatə edən intensiv kursun qiyməti ayda 1 fənn üçün 59 manatdan başlayır.

İstifadə edilən tədris materiallarının kursun qiymətinə daxil olub-olmaması ilə maraqlandıq. Cavab belə oldu: "Məşğələlər zamanı biz "Dərs Evi" kursunun kitablarından istifadə edirik. Bu kitablar bizim tədris metodikamıza uyğun olaraq hazırlanıb və onlar eyni zamanda iş dəftərləridir. Sinifdə dərs zamanı onlardan istifadə olunur".

"Dərs Evi"ndən o da bildirildi ki, bu il kurs yalnız bakalavr pilləsinə qəbul imtahanına hazırlaşdırmaq üçün təşkil edilib.

Qəbul imtahanları ərəfəsində valideynlərin də imtahan həyəcanı olur ki, bu da abituriyentə sirayət edir və nəticə uğursuz olur. Valideynlərlə necə, işləyirsinizmi?

Sualımıza belə cavab aldıq: "Valideynlərin abituriyentin imtahanlara hazırlığı prosesində iştirakını dəstəkləyirik. Yaxın zamanda onlayn sisteminin işə salınmasını nəzərdə tuturuq və bu valideynlərə təhsil prosesini müşahidə etməyə imkan yaradılacaq".

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər