Azərbaycanın yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar olaraq yarışın başlama vaxtı saat 5-ə çəkilib.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanın bu ildən etibarən yay vaxtına keçidin ləğv olunmasına dair qərarı ilə əlaqədar olaraq, bu il Bakıda “Formula 1” üzrə ilk dəfə keçiriləcək Avropa Qran Prisinin başlama vaxtı bir saat önə çəkilib.
Yeni vaxtla yarışa saat 5-də start veriləcək.
Avropa Qran Prisinin ilkin olaraq razılaşdırıldığı kimi saat 6-da keçiriləcəyi halda bu yarışın saat 8:14-də günün batmasına təsadüf edə biləcəyini və eyni zamanda yay vaxtına keçidin ləğv olunduğunu nəzərə alan Formula Bir Rəhbərliyi (FOM) ötən həftəsonu sözügedən dəyişikliyi təsdiq edib.
Yarışın başlama vaxtının dəyişdirilməsi saatı irəli çəkən ölkələrdə izləyicilərə təsir etməyəcək. Yarışın rəsmi açılışı Mərkəzi Avropa Vaxtı ilə saat 3-də baş tutacaq. Bu yarış həmin saatda yekunlaşacaq 24 saat Le Manş rallisi ilə üst-üstə düşməyəcək.
BŞH-nin icraçı direktoru Arif Rəhimov bu xəbəri şərh edərkən bildirib ki, “Formula 1” rəhbərliyi ilə aparılan faydalı müzakirələrdən sonra həm oyunu canlı izləyəcək azarkeşlərimizin, həm də komandaların və pilotların marağına uyğun olaraq, yarışın yeni başlama vaxtını elan edirik:
“Bu vaxtı bir saat önə çəkməkdə məqsədimiz pilotların havanın qaralması ilə bağlı narahatlığını aradan qaldırmaq və 24 saat davam edən Le Manş rallisini evdə izləyən azarkeşlərimizin ralli yekunlaşan kimi televizorun pultunun düyməsinə toxunmaqla “Formula 1” yarışına baxmasını təmin etməkdir.
Fikrimizcə, bazar günü idman yarışlarını izləməyə davam etmək çox gözəl olacaq”
BŞH-nın Yarış Obyektinin Tikintisi üzrə rəhbəri Tomas Butçer tikinti-quraşdırma işləri ilə bağlı son vəziyyət haqqında məlumat verib: “Hazırda binaların tikintisi ilə bağlı quraşdırma işləri davam etdirilir. Yarışa Nəzarət Mərkəzinin yerləşdiyi qüllənin inşasına bu həftə start veriləcək.
Tikinti-quraşdırma işlərinə ümumilikdə 4 aylıq bir vaxt tələb olunur. Aprelin 1-dən etibarən quraşdırma işləri sürətləndirilib. Biz bütün bu işləri iyunun 1-dək yekunlaşdırmaq niyyətindəyik.
Bu, həmin yerləri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə, Formula Bir Rəhbərliyinə, Beynəlxalq Avtomobil Federasiyasına və “Formula 1” Komandalarına təhvil verməzdən əvvəl bizə burada son dəyişikliklər etməyə imkan verəcək”.
BŞH-nın icraçı direktoru Arif Rəhimovun sözlərinə görə, yarışa hazırlıq plana müvafiq olaraq davam edir.
İlhamə ƏBÜLFƏT