31 Avqust 2016 13:37
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Roland Abdıyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Roland Abdıyev internetdə tanış olduğu Abşeron rayon sakini Sevda Mehdiyeva ilə (ad və soyad şərti verilib) yaxın münasibətdə olduqdan sonra əlindəki özəl görüntülərlə onu şantaj etməklə hədələyib.

Daha sonra qadın hüquq-mühafizə orqanlarına müraciət edib. Ötən ilin noyabr ayının 6-da Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 100 manat alarkən Ağstafa rayon sakini Roland Abdıyev tutulub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Roland Abdıyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Roland Abdıyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara görə, Roland Abdıyevin apelyasiya şikayəti qismən təmin edilib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni hökmə əsasən, Roland Abdıyevin 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər