25 Oktyabr 2016 15:29
1 608
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Saray qəsəbəsində qətl törətməkdə təqsirli bilinən Qüdrət Kərimovun məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin fevralın 2-də saat 12:50 radələrində Qüdrət Kərimov 1982-ci il təvəllüdlü Kamran Babayevi Saray qəsəbəsindəki evinin qarşısında “Makarov” markalı odlu silahdan açdığı atəşlə vurub.

Kamran Babayev fevralın 6-da xəstəxanada vəfat edib.

Məlum olub ki, hadisəyə səbəb göyərçin üstündə yaranan münaqişə olub. Hadisədən bir gün əvvəl göyərçin saxlayan Kamran Babayevlə Qüdrət arasında mübahisə sonradan davaya çevirilib. Göyərçinlərin kimə məxsus olması üstündə yaranan mübahisə qətllə nəticələnib.

Cinayəti törədən Qüdrət Kərimov polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə ittiham edilib. Öldürülən Kamran Babayev əvvəllər məhkumluq həyatı yaşayıb.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə prokuror Fərid Nağıyev ittiham nitqi ilə çıxış edib. Prokuror təqsirləndirilən Qüdrət Kərimovun törətdiyi cinayətin tam sübuta yetirildiyini deyib. O, təqsirləndirilən şəxsin 15 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxsin vəkili Mirzalı Süleymanov müdafiə nitqi ilə çıxış edib. Vəkil məhkəmənin diqqətinə çatdırıb ki, sözügedən cinayət hadisəsinin baş verməsinə səbəb mərhumun qanunsuz hərəkətləri olub.

O, müdafiə etdiyi şəxsin himayəsində azyaşlı övladı olmasını, əvvəllər məhkum edilməməsini, baş vermiş hadisədən peşmançılıq hissi keçirdiyini deyib: “Qətl hadisəsi çox cüzi bir şeyə görə - göyərçin üstündə baş verib. Kamran Qüdrəti söyüb, təhqir edib. Bu, normal bir şey deyil. Onun təhqirlərindən sonra belə bir hadisə baş verib. Qüdrətin onu öldürmək niyyəti olmayıb. “Makarov” silahı Qüdrətin mərhum atasından yadigar qalıb. Həmin gün atasına məxsus silahı qisas almaq üçün deyil, Kamran Babayevdən ehtiyatlanaraq götürüb. Çünki mərhum Kamran dəfələrlə məhkum edilib, qeyri-adekvat şəxs olub. Hadisədən sonra könüllü olaraq Abşeron rayon Polis Şöbəsinə gedərək təslim olub. Üstündəki silahı polis əməkdaşlarına təqdim edib”.

Tərəfləri dinləyən hakimlər daha sonra hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar. Bir neçə saatlıq müşavirədən sonra zala qayıdan hakimlər Qüdrət Kərimovun 14 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü açıqlayıblar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər