17 Noyabr 2016 20:35
6 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yardımlı rayonunun Ləzir kəndində anadan olan 1978-ci il təvəllüdlü Yadigar Nəzərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Yadigar Nəzərov 2000-ci ildə Füzuli rayonunun Mahmudlu-2 kəndində anadan olan Bülbül İsgəndərova (ad və soyad şərti verilib) ilə evlənmək barədə razılığa gəlib.

O, Bülbül İsgəndərovanı 28 oktyabr 2014-cü il tarixdə, saat 20 radələrində Xocavənd rayonunun Qaradağlı yaşayış məntəqəsində Rəşad Vəliyevə məxsus fərdi yaşayış evinə aparıb.

Rəşad Vəliyev Yadigar Nəzərov və Bülbül İsgəndərovanı evində qonaq saxlayıb. Bülbülün anasının polis əməkdaşları ilə birgə oraya gəldiyini görərən Rəşad Vəliyev bəy və gəlindən gizlənmələrini istəyib.

Dostunun evində təcavüz

Rəşad Vəliyev gələn şəxsləri qarşılayıb, anasının qızının yetkinlik yaşına çatmaması barədə xəbərdarlığına baxmayaraq onları aldadıb. Rəşad Vəliyev qızın dalınca gələn valideynlərini və polisi əliboş yola salıb.

Sonra Rəşad Vəliyev Yadigar Nəzərovun olduğu otağa gəlib. Bu zaman Rəşad Vəliyev Yadıgara qızla çəkinmədən cinsi əlaqədə olmasını məsləhət görüb.

Daha sonra Yadigar və Bülbül onlar üçün ayrılmış otaqda tək qalıblar. Bu vaxt Yadigar Bülbül ilə cinsi əlaqədə olub.

Rəşad Vəliyev dostuna deyib ki, Bülbül azyaşlı olduğu üçün yenidən onun ardınca gələcəklər.

Qohumu qəbul etmədi, Bakıya üz tutdu

Rəşad Vəliyev dostuna 20 manat yol pulu verib, ayrı yerə getməsini məsləhət bilib. Yadigar taksi tutaraq Bülbülü Beyləqan rayonunun İmamverdilər kəndində olan qohumu Nazim Ağayevin evinə gətirib.

Nazim Ağayev Bülbülün yetkinlik yaşına çatmadığını bilib. Bu səbəbdən onları evində saxlamaqdan imtina edib. Cütlük Bakıya yola düşüblər.

Yulğunluqda cinsi əlaqədə oldu və polisə getdi

Amma Bakıya getməzdən öncə gənclər yulğunluqda sevişiblər.

İstintaq materiallarına görə, oktyabrın 29-da, gecə saat 04 radələrində Beyləqanın çöllük ərazisində böyürtkən kolları ilə əhatə olunmuş iydə və yulğun ağaclarının altında Yadigar Nəzərov Bülbül ilə yenidən cinsi əlaqədə olub. Sonra onlar tanımadıqları yol maşını ilə Bakı şəhərinə gediblər. Bakıda olduqları vaxt ardıcıl olaraq Yadigar Nəzərovun telefonuna zənglər gəlib. Yadigar polisin onu axtardığını bildiyindən Bülbül ilə birlikdə Füzuli rayon polis idarəsinə gedib və könüllü gəlməsi barədə məlumat verib.

İttiham və cəza

Yadigar Nəzərov Cinayət Məcəlləsinin 152-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham edilib.

Xocavənd rayon Məhkəməsinin hökmü ilə Yadigar Nəsərovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. O, 2 il müddətinə şərti cəza alıb.

Hökmdən narazı qalan Yadigar Nəzərov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu, Bülbül İsgəndərovanı evlənmək məqsədilə qaçırdığını, onunla razılaşma əsasında cinsi əlaqədə olduğunu qeyd edib. Yadigar Nəzərov barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Həmçinin prokurorluq hökmdən apelyasiya protesti verib. Prokurorluq Yadigar Nəzərovun barəsində olan şərti cəzanın ləğv edilməsini, onun həbs edilməsini istəyib.

Tərəflərin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakimlər təqsiriləndirilən şəxsin apelyasiya şikayətini təmin etməyiblər. Amma prokurorluğun protesti təmin edilib və Yadigar Nəzərovun barəsində yeni hökm çıxarılıb.

Yeni hökmə əsasən, Yadigar Nəzərov məhkəmə zalında həbs edilib.

Bundan sonra Yadigar Nəzərovun vəkili kasasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsin barəsində şərti cəza təyin edilməsini xahiş edib. Müdafiəçinin kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.

Çobanın 3 azyaşlı uşağı olub

Müdafiəçi kasasiya şikayətini onunla əsaslandırıb ki, apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələri gülünc dəlillərlə təkzib etməyə çalışıb, hətta qanun pozuntusuna belə yol verərək ədalət mühakiməsinin prinsiplərini pozub: “İş materiallarından görünür ki, Yadigar Nəzərovun himayəsində 3 azyaşlı var və o, çoban işləyərək həmin uşaqlara maddi yardım göstərir. Apelyasiya məhkəməsi bu halı qiymətləndirmək əvəzinə, qərəzli şəkildə təkzib etməyə çalışıb,

Vəkil əlavə edib ki, Yadigar Nəzərovun himayəsində onu tərk edərək ayrılmış həyat yoldaşından 3 azyaşlı uşaqlarının olması barədə iş materiallarında mötəbər sübutlar var və birinci instansiya məhkəməsi bu sübutları nəzərə alaraq həmin halı cəzanı yüngülləşdirən hal kimi nəzərə alıb: “Təqsirləndirilən şəxsin əvvəlki həyat yoldaşı həm ibtidai araşdırma zamanı, həm də məhkəmə baxışı zamanı şahid qismində dindirilib”.

Kasasiya şikayəti Ali Məhkəmədə, hakim Fərhad Kərimovun sədrliyi keçirilən prosesdə araşdırılıb. Hakimlər müdafiə tərəfinin kasasiya şikayətini təmin etməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər