Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən qadının anası Fəridə Zalovanın anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi vəsatətlə çıxış edib. O, cinayət işində intim məsələlərin yer aldığını bildirib: “Burada şəxsi həyatla bağlı söhbətlər olduğu üçün prosesin qapalı keçirilməsini tələb edirik.
Xahiş edirik ki, məhkəmə zalında əyləşən jurnalitlər və digər şəxslər çölə çıxarılsın”.
Məhkəmə vəsatəti təmin edib, proses qapalı keçirilib.
İttihama görə, bu il yanvarın 15-də Quba şəhərində yerləşən “Retro” istirahət mərkəzində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Məlum olub ki, yanvarın 13-nə keçən gecə Könül Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən Elmədin Əhmədov hadisə yerində olmayıb. Polis əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə axtarışda olan Elməddin Əhmədov tutulub.
Ətrafında aparılmış əməliyyat tədbirləri ilə yanvarın 15-də onun Könül Zalovanı boğaraq qətlə yetirdiyi müəyyən edilib.
Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin yaxşı olmadığı iddi olunur.
Könül Zalovanın 12-13 yaşlarında bir oğlu var.
Könül Zalovanın Elməddin Əhmədovla uzun müddət münasibəti olub. Qətlə pul mübahisəsinin səbəb olduğu deyilir. Könül Zalova Elməddin Əhmədovun 200 min manat pulunu mənimsəyib.
Hacı Zeynalov