12 Yanvar 2017 15:31
982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Vüsal Ələkərov cinayət işinə xitam verilməsi və işin yenidən prokurorluğa qaytarılması barədə vəsatət verib. Hakim hər iki vəsatəti təmin etməyib.

Daha sonra zərərçəkmişlər Vüsal Ələkbərova qarşı mülki iddia qaldırıblar. Bildiriblər ki, Vüsal Ələkbərov tərəfindən hədə-qorxu yolu ilə külli miqdarda vəsaitləri ələ keçirilib. Hakim zərərçəkmişlərin mülki iddiasını icraata götürüldüyünü və məhkəmə istintaqı zamanı araşdırılacağını deyib.

Məhkəmə baxışı yanvarın 26-na təyin edilib.

Vüsal Ələkbərov Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 294.3-cü (sübutları saxtalaşdırma, ağır və ya xüsusilə ağır cinayətlər haqqında cinayət işi üzrə sübutları saxtalaşdırma, habelə digər işlər üzrə sübutların saxtalaşdırılması ağır nəticələrə səbəb olma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.

İttihama görə, təqsirləndirilən şəxs iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Həbsdə olan Vüsal Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilmiş Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 164, mənzil 42 ünvanında yerləşən mənzilinə üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər