Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Müəllimlər İnstitutunun bağlanmış Gəncə filialının sabiq direktoru Ramiz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Zabil Qasımovun sədrlik etdiyi prosesdə zərərçəkmiş İdris Əliyev ifadə verib.
O bildirib ki, övladını instituta qəbul etdirməsi üçün Ramiz Məmmədova 16 min manat verib: “Aldanmışıq. Bu günə qədər də bir nəticəsi yoxdur. İndiyə qədər pulumuzu qaytarmaq üçün heç bir addım atmayıb. Mənə 16 min manat zərər dəyib. Uzun müddətdir ki, pulumu tələb edirəm”.
Digər zərərçəkmiş Mahir Həsənov bildirib ki, 7250 manatı Ramiz Məmmədov tərəfindən ələ keçirilib.
Proses fevralın 17-də davam edəcək.
Ramiz Məmmədov 2000-ci ildən Gəncə filialının rektoru olub, yalnız 2013-cü ildə Təhsil Nazirliyinin yoxlaması nəticəsində işdən azad olunub. Bağlanan təhsil müəssisəsində oxumayan, jurnal və əmr kitablarında adı qeyd olunmayan şəxslərin adına yazılmış diplomlar aşkar olunub.
Ramiz Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.
Hacı Zeynalov