Bakının Nəsimi rayonunda oğurluq edən şəxs həbs edilib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində ötən il sentyabrın 11-də Bakı şəhər sakini Tərlan Adıgözəlovun içərisində 1400 manat və sənəd olan pul kisəsini oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Gəray İbrahimov tutulub.
Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşları isə paytaxt sakinləri Arif Rzayev və Kamran Yusifzadəni saxlayıblar. Onlar Hövsan qəsəbəsindəki mağazalardan birindən 120 manat oğurlamaqda şübhəli biliniblər.
Bundan başqa, Keşlə dəmir yolu stansiyasının ərazisində şirkətlərdən birinə gəlmiş vaqondan 100 kiloqram qara metal qırıntısı oğurlamış Lənkəran şəhər sakini Təbriz Cavadzadə həmin şirkətin əməkdaşları tərəfindən saxlanılıb. O, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşları tərəfindən yanvarın 29-da Gəncə şəhər sakini Xəlil Məmmədova məxsus anbardan 4775 manat dəyərində mis, alüminium naqillər və plastik borular oğurlamaqda şübhəli bilinən şəhər sakini Vüsal Həsənov tutulub.
Hacı Zeynalov