4 Avqust 2017 13:19
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hacıqabulda baş verən dəhşətli qətliamdan 1 gün sonra gecəyarısı şəhərin Mikayıl Müşfiq küçəsində yenə də güllə səsləri eşidilib. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyib ki, olayın baş verdiyi küçədə Hacıqabul sakinlərinə dəhşətli qətliamı yaşadan Mübariz Mehdiyevin ata evi yerləşir.

Teleqraf.com xəbər verir ki, həmin evdə onun yaxınları yaşayırlar. Bildirilir ki, M.Mehdiyevin bir neçə bacısı və qardaşı var.

Qardaşı Hacıqabulda taksi sürücüsüdür. Yerli əhali sovet dövründən Mehdiyevlərin yaşadığı ərazini “Çkalov məhləsi” adlandırırlar. Olayın məhz burada baş verməsini rayonda Mehdiyevlərə xəbərdarlıq kimi qiymətləndiriblər. Belə ehtimallar var ki, qarşı tərəf Mehdiyevlərdən qisas ala bilər. Gələn məlumatda deyilir ki, hazırda “Çkalov məhləsi”ndə odlu silahdan atəş açan şəxsin və ya şəxslərin kimliyinin müəyyən olunması üçün tədbirlər görülür.

Yada salaq ki, iyulun 31-də səhər tezdən baş verən xüsusilə ağır cinayət Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində araşdırılır. Qətlin motivi, 1971-ci il təvəllüdlü Mübariz Mehdiyevin odlu silahı haradan əldə etməsi, kimdən alması müəyyənləşdirilir. M.Mehdiyev iyulun son günündə səhər tezdən Hacıqabul şəhəri, Bayram İbrahimov küçəsində yaşayan Qəmbərovların həyətlərinə soxulub. Əlində lüləsi və qundağı kəsilmiş tüfəng olan M.Mehdiyev orada yaşayan Natiq Qəmbərovu axtarıb, onu öldürmək istəyib.

N.Qəmbərov onun qarşısına çıxmadığından həmin həyətdəki evlərdən birində yaşayan onun əmisi 1953-cü il təvəllüdlü Nazim Qəmbərovu, əmisi oğlu 1988-ci il təvəllüdlü Namiq Qəmbərovu, yaxınları 1962-ci il təvəllüdlü Gülbağda Qəmbərova və 1958-ci il təvəllüdlü Almara Qəmbərovaları güllələyib. Səs-küyə çıxan N.Qəmbərovun atası Məmməd Qəmbərova da odlu silahdan atəş açıb. M.Qəmbərov yaralansa da, qaçaraq canını qurtara bilib. M.Mehdiyev isə hadisə yerinə gələn polislərin əlinə keçməmək üçün özünü də əlindəki odlu silahla öldürüb. Onun polis tərəfindən zərərsizləşdirilməsi haqda da məlumat var.

N.Qəmbərov artıq istintaqa cəlb olunub. İstintaq onun M.Mehdiyevlə konfliktinin səbəblərini aydınlaşdırır. Digər bir məlumata görə isə N.Qəmbərovun xəstəxanada olan atası, 1947-ci il təvəllüdlü M.Qəmbərovun durumu normallaşmaq üzrədir. Həkimlər onu əməliyyat ediblər. M.Qəmbərovun ürək nahiyəsinə açılan atəşin əsasən qoluna dəydiyi bildirilir.

Qətliamın motivi haqda dolaşan xəbər əsasında M.Mehdiyevlə “Moskva Natiq” ləqəbli Natiq Qəmbərovun arasında Rusiyada başlamış ədavətin dayandığı qeyd olunur. M.Mehdiyevin Qəmbərovlara qarşı son dərəcə qəddar davranışının kökündə dayanan motiv haqda dolaşan söz-söhbətlərdən bir neçəsini ötən saylarımızda yazmışdıq. Bildirilirdi ki, Mübariz Mehdiyevlə Natiq Qəmbərov Moskvada birgə işləyiblər. Sonradan tərəflərin arası dəyib, konfliktə qədər böyüyüb. N.Qəmbərov mübahisə zəminində M.Mehdiyevi bir neçə dəfə vurub. Sonuncu dəfə isə N.Qəmbərovun M.Mehdiyevi ölümcül döyməsi xəbəri də var. Hətta qeyd olunur ki, döyülmədən sonra M.Mehdiyev 3 aya yaxın özünə gəlməyib, yaraları sağalmayıb. Həmin müddətdə isə N.Qəmbərov Azərbaycana, Hacıqabuldakı ata yurduna qayıdıbmış. Az əvvəl ayağa qalxan M.Mehdiyev də boya-başa çatdığı rayona qayıdıb, silah əldə edib və N.Qəmbərovdan qisas almaq üçün onun yaşadığı ünvana basqın edib. Onun əvəzində N.Qəmbərovun yaxınlarını öldürüb, özünə də atəş açıb.

Aldığımız son məlumatda qətlin konkret olaraq hansı məsələyə görə baş verdiyinə aydınlıq gətirilir. Belə iddia olunur ki, Natiq Qəmbərov Moskvada bir çox azərbaycanlı orta ranqlı biznesmenlərə “krışalıq” edir. Onlardan biri də Hacıqabuldan olan Zülfünün oğlu Kamil olub. Bir müddət əvvəl Kamil Zülfü oğlu oğurlanıb. Onu oğurlayanlar sırasında Mübariz Mehdiyev də olub. Oğurlanan iş adamından aylıq xərac tələb edilib. Bir neçə gün girovluqda qalandan sonra iş adamı qaça bilib. Bundan sonra N.Qəmbərovla əlaqə saxlayaraq başına gələnləri danışıb və kömək istəyib. Bir neçə gün sonra Mübariz Mehdiyevin yerini müəyyən edən N.Qəmbərov və ətrafındakılar onu Moskva metro stansiyalarından birinin qarşısında tutub zorla maşına əyləşdiriblər.

Meşəyə aparıb orada huşunu itirənə qədər döyüblər. Elə oradaca atıb çıxıb gediblər. İddia olunur ki, M.Mehdiyev yarımcan hala salınandan sonra uzun müddət müalicə olunub və həmin müddətdə N.Qəmbərova ondan qisas alacağı ilə bağlı mesajlar yollayıb. Özünə gələndən sonra isə Moskvada N.Qəmbərovu arayıb. Öyrənib ki, o, Azərbaycana, konkret olaraq Hacıqabula qayıdıb. Bundan sonra o da Hacıqabula gəlib və rayonda olarkən də N.Qəmbərova bir neçə dəfə xəbər göndərib ki, onunla haqq-hesab çəkəcək. Hətta M.Mehdiyevin dəhşətli qətliama imza atmazdan əvvəl “rayonda 7 nəfəri öldürəcəyəm” deməsi haqda da xəbərlər yayılıb.

Bu iddiaların nə dərəcədə doğru olmasına iş üzrə başlanan istintaq aydınlıq gətirməlidir.

Gələn xəbərlərdə o da bildirlir ki, Qəmbərovların yas məclisinə N.Qəmbərovun Moskvadan olan dostlarının, əsasən çeçen millətindən olan şəxslərin də iştirak etməsi haqda bilgilər də var. Hüquq-mühafizə orqanları hadisə yerindən lüləsi və qundağı kəsilmiş silah götürüblər. Hazırda iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmaqla, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və daşıma) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.(musavat.com)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər