Bakıda 45 yaşlı sevgilisini öldürməkdə təqsirləndirilən Sabirabad rayon sakini, 25 yaşlı Paşa Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
O, Paşa Cəbrayılovun 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, qətl hadisəsi Suraxanı rayonunun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan Göyçay rayon sakini, 1972-ci ildə təvəllüdlü Zülfiyyə Rəhimovanı 25 yaşlı Sabirabad rayon sakini Paşa Cəbrayılov qətlə yetirib.
Məlum olub ki, 25 yaşlı oğlan bir uşaq anası olan Zülfiyyə Rəhimova ilə qeyri-rəsmi yaşayıb. Zülfiyyə Rəhimova bundan əvvəl ailə qurub. Sonradan ərindən ayrılan qadın azyaşlı uşağı ilə kirayədə yaşamağa başlayıb. O, Hövsan qəsəbəsində kafelərdən birində ofisiant işləyib, qazandığı pulla həm özünü, həm də övladını dolandırıb.
Paytaxtda tikintidə fəhləlik işləyib kirayədə yaşayan Paşa Cəbrayılov bir il əvvəl Zülfiyyə ilə həmin kafedə tanış olub. Sonradan onların arasında münasibət yaranıb. Paşa ilə Zülfiyyənin münasibətləri istiləşib və Paşa qadının kirayədə yaşadığı evə köçüb. Birlikdə yaşadıqları vaxt Paşa Cəbrayılov kirayə haqqını ödəyib, həm də onlara maddi cəhətdən köməklik edib.
Hadisədən bir neçə gün əvvəl Paşa Cəbrayılov Zülfiyyənin münasibətlərində dəyişiklik hiss edib. Gənc oğlan özündən yaşca böyük sevgilisinin başqa kişi ilə münasibət qurmasından şübhələnib.
Hadisə baş verən gün Paşa Cəbrayılov Zülfiyyə ilə yolda rastlaşıb. Həmin vaxt Zülfiyyə uşağını məktəbə qoyaraq kirayə yaşadığı evə qayıdırmış. Onlar birlikdə evə gəliblər.
Evdə Paşa qadına deyib ki, özümə iş tapacam, sənə nə istəsən alacam. Qadın isə ona “gör nə qədər axmaqsan ki, bir kəlmə sözümlə pulsuz Rusiyadan gəldin” deyə bildirib.
Bundan sonra Zülfiyyə Paşa Cəbrayılovu söyüb. Söyüşü eşidib otağa qayıdan Paşa Cəbraylov qadına “sən yolunu azıbsan, başqa kişi ilə münasibət qurubsan” deyərək, onu boğub öldürüb.
Cinayəti törədən Paşa Cəbrayılov Suraxanı rayon Polis İdarəsinin 30-cu polis bölməsinə gələrək, könüllü təslim olub. Törətdiyi əməli etiraf edən Paşa Cəbrayılov cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.
Paşa Cəbrayılov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir.
Müşavirdən qayıdan məhkəmə kollegiyası hökmü elan edib. Məhkəmənin hökmü ilə Paşa Cəbrayılov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.