Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə nazirliyin Əməliyyat-Texniki İdarənin işçisi olmuş Sevinc İsgəndərova ifadə verib.
O bildirib ki, həmin idarədə bölmə rəisinin köməkçisi işləyib. Şahidin sözlərinə görə, general-mayor Natavan Mirvətov onun rəhbərlik etdiyi idarədə çalışıb, telefonları dinlənilən şəxslərin kimliyi ilə bağlı heç bir məlumatı olmayıb: "Antiterro Mətkəzinin rəisi, idarə və şöbə rəisləri bizə raportla müraciət ediblər. Bizim də işimiz həmin texniki işləri görməkdən ibarət olub. Uzun illər məhkəm qərarı olmadan, nazirin dərkənarı ilə telefon dinləmələrini həyata keçirmişik. Mənə tapşırıqları əsas Elşad Əzizov verib, o işdə olmayanda isə tapşırıqları birbaşa Natavan Mirvətovadan almışam".
Daha sonra şahid qismində MTN-nin Binəqədi şöbəsinin əməkdaşı Mirələm Həşimov ifadə verib. O zərərçəkmiş iş adamları Sahib Qurbanov və Zaur Əzimovun epiozodları üzrə dindirilib.
Qeyd edib ki, zərərçıkmiş Sahib Qurbanovu tanımayıb: "Şöbənin növbətçi hissəsindən zəng vurdular, bir nəfərin gəldiyini bildirdilər. Sonra şöbənin rəisi Rafiq Səfərov mənə zəng elədi, həmin şəxsi otağıma aparmağı, izahatını almağımı tapşırdı. Mən də onun tapşərığınl icra elədim. Sonra Rafiq Səfərov zəng vurdu və həmin şəxsi otağımdan dəhlizə çıxarmağımı istədi. Mən həmin şəxsdən izahat almadım və onu dəhlizə çıxardım. Sonra onun hara getdiyini bilməmişəm".
Şahid əlavə edib ki, Rafiq Səfərov siqaret qaçaqmalçılığı ilə tutulan şəxsin yanında işləyən adamı dindirib: "Dindirilmə zamanı həmin şəxs heç nə bilmədiyini dedi. Rafiq müəllim onu sillə vurdu. Bundan 10 gün sonra şöbəyə Zaur Əzimov gəldi. Onun da izahatını ala bilmıdim. 15 dəqiqə sonra Rafiq müəllim onu da dəhlizə çıxarmağımı tapşırdı. Mən də elə etdim. Sonra onun hara getdiyini bilməmişəm".
Mirələm Həşimov qeyd edib ki, Zaur Əzimov və digərlərinin buraxılmasından, Rafiq Səfərovun onlardan pul tələb etməsi və almasından xəbəri olmayıb. Şahid bildirib ki, əməliyyatlara Rafiq Səfərovun özü rəhbərlik edib, onun Sahib Qurbanov və Zaur Əzimovdan 100 min dollar almasını ümümi söhbətlərdən eşidib.
Daha sonra şahid qismində ifadə verən MTN-nin Tibb Baş İdarəsinin rəis müavini olmuş Vüqar Mahmudov bildirib ki, artıq xidmətdən uzaqlaşdırılıb və sərəncama götürülüb. Qeyd edib ki, MTN-də işə 2013-ci ildə başlayıb: "Nazirlikdə işləməkdən qabaq kiçik bizneslə məşğul olmuşam. O zaman İlham adlı şəxslə yaxın dostluq əlaqələrim yarandı. Birlikdə iş görməyə başladıq. Ona pul vermişdim, İlham özü işləri görürdü. Qazancdan mənə pul verirdi".
Vüqar Mahmudov bildirib ki, bir müddət sonra İlhamı MTN-in Binəqədi rayon şöbəsinin rəisi olan Rafiq Səfərovla tanış edib: "Rafiq Səfərovla siqaret qaçaqmalçılarına qarşı əməliyyatlar edirdi. Rafiqin sabiq nazir Eldar Mahmudovun köməkçisi Vüqarla yaxın münasibətləri vardı".
Vüqar Mahmudov etiraf edib ki, Rafiqlə İlhamı tanış eləməkdə məqsəd bazara siqaret gətirən digər qaçaqmalçıların qarşısı almaq olub: "İlham bu işdə uzun müddət idi çalışırdı. Ölkəyə siqaret gətirən hər kəsi əlinin içi kimi tanıyırdı. Rafiqlə İlham birlikdə işləməyə başladılar. İlham Rafiqə kim siqaret gətirirdisə deyirdi. Rafiq də əməliyyat edib, həmin adamı tuturdu. Malını əlindən alıb İlhama verirdi, o da ucuz qiymətə həmin siqareti satıb Rafiqə pul şəklində qaytarırdı".
Şahid bildirib ki, bir neçə dəfə İlham ondan xahiş edərək pulu Rafiqə onun verməsini istəyib: "Bir neçə dəfə Rafiq və köməkçisi Heydər İslamova pulu mən vermişəm".
Bu zaman təqsirləndirilən Elçin Quliyev etiraz edib. O bildirib ki, bu məsələnin onun işinə dəxli yoxdur: "Başa düşmürəm, deyirəm sakit oturum, danışmıyım, alınmır. Bu epizodun mənə nə dəxli var... Bu adamı birinci dəfə görürəm. Rafiq hansısa qaçaqmalçıdan pul alıb, buraxıb, bunun mənə nə dəxli var? Sonda deyəcəksiniz ki, Elçin Quliyev, şahidlər gəlib, sizin əməllərinizi etiraf edir".
Bu zaman hakim bildirib ki, həmin şahidlər ittiham tərəfinin şahidləridir: "İttiham tərəfi bunları irəli sürüb. Sonda bunlara qiymət veriləcək".
Prokuror arayışla bildirib ki, ittiham təqsirləndirilən şəxslərə mütəşəkkil dəstə şəklində verilib.
Daha sonra ifadəsini davam etdirən Vüqar Mahmudov bildirib ki, bu işdə zərərçəkmiş kimi tanınan Sahib Qurabanov bir dəfə yanına gəlib: "İşdən çıxan zaman yaxınlaşdı. Dedi ki, onun malları məndədi. Dedim, mən heç kimi malını götürməmişən, bu söhəti sizə kim deyib? O da qeyd etdi ki, rəis müavini olan Heydər İslamov deyib. Heydərlə danışdım, dedi ki, Sahibə 30 min manat verilməlidir. İlhamla əlaqə yaratdılar, 30 min ödənildi".
Prosesdə hazırda həbsdə olan MTN-in yüksək vəzifəli əməkdaşları olmuş - general-mayor Teymur Quliyev və Fərhad Atayev də ifadə verib. Onlar istintaqa verdikləri ifadələri təsdiq ediblər.
Prosesin axırında zərərçəkmiş Mətləb Mustafayev bildirib ki, sonuncu prosesdə Elçin Quliyev prokurora şahidlərə yönəldici suallar verdiyini irad tutub: "Lakin həmin prosesdə Elçin Quliuev özü antiterror mərkəzinin əməkdaşı Ramin Əliyevə "MTN-də tapança istehsal olunur, Mətləb Mustafayevin evinə tapança qoyulardı" deyə bildirdi. Elçin Quliyev bu sualı 8 il fasiləsiz birlikdə işlədiyi köməkçisi Rüstəm Rüstəmova versəydi, daha yaxşı olardı. Əslində Elçin Quliyev bununla Ramin Əliyevə narahatlıq mesajını verdi, tapançanın kim tərəfindən qoyuluğunu istintaqın bilmədiyini demək istədi".
Növbəti proses sentyabrın 22-də davam edəcək.