09:09
Ləğv ediımiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi ilə bağlı hökm elan ediləcək.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrlik etdiyi kollegiyanın bir həftə əvvəl elan etdikləri müşavirə başa çatır. Bu gün saat 10.00-da hakimlərin hökmü oxumağa başlanacağı gözlənilir.
Qeyd edək ki, prokuror çıxışında Elçin Quliyevin 15 il, Azər Mehdiyevin 13 il müddətinə azadlıqdan məhrum olunmasını, eyni zamanda onların hərbi rütbədən məhrum olunması və əmlaklarının müsadirə edilməsini təklif edilib.
Prokuror Dövlət Təhlükəsizlik Xidmətinin Elçin Quliyevə qarşı qaldırdığı 7 milyon manatlıq, həmçinin cinayət işində adı keçən zərərçəkmişlərin də qaldırdığı digər mülki iddiaların təmin olunmasını tələb edib.
İttihama görə, Elçin Quliyev və Azər Mehdiyev dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışan şəxslərə, iş adamlarına hədə-qorxu gəliblər, onlardan külli miqdarda pul alıblar.
İstintaq sənədlərinə görə, Elçin Quliyev və digər şəxslər MTN polkovniki Malik Mustafayevi intihar həddinə çatdırıblar. Malik Mustafayev xidməti vəzifəsi başında intihar edib. Onun qardaşı Mətləb Mustafayev MTN tərəfindən şərlənərək həbs edilib. Bundan sonra şantaj olunan Malik Mustafayev özünü öldürüb.
Cinayət işi üzrə ümumilikdə 18 nəfər zərərçəkmiş var.
Elçin Quliyev və Azər Mehdiyev ittihamlarla razılaşmır. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.
Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəis müvaini, polkovnik İlqar Əliyev 2015-ci ilin oktyabrənda həbs edilib, həmin ilin dekabrın 20-də saxlandığı istintaq təcridxanasında intihar edib.
Bundan sonra İlqar Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.
***
11:12
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyev Bakı Hərbi Məhkəməsinə xüsusi nəzarət altında gətirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin binası xüsusi nəzarətə götürülüb, məhkəmə zalı hökm başlanılmamışdan əvvəl yoxlanılıb.
Daha sonra hakim Elbəy Allahvediyevin sədrlik etdiyi kollegiya zala gəlib, hökmün elanına başlanılıb.
Zala təqsirləndirilən şəxslərin vəkilləri, qohumları, zərərçəkmişlər buraxılıb.
Jurnalistlər zala buraxılmayıb.
***
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə hökm oxunub.
Elçin Quliyevə 10 il 6 ay, Azər Mehdiyevə 8 il azadlıqdan məhrumetmə cəzası kəsilib.
Hər iki təqsirləndirilən şəxsin rütbədən məhrum edilməsi barədə ölkə prezdentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.
Məhkəmə zərərçəkmişlərin mülki iddiasını təmin etməyib.
Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizlik Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxslərin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.