Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqdirləndirilən Fariz Qarayev ifadə verib.
O, istintaqa verdiyi ifadəsini təsdiqləyib və bildirib ki, bankda işlədiyi müddətdə Fərəh Rəşadətlinin göstərişi ilə bəzi şəxslərin adına olan pulları kassadan çıxarıb. O, həmin pulları Fərəf Rəşadətliyə verdiyini deyib.
Digər təqsirləndirilən Tamamgül Xanlarova bildirib ki, keçmiş müdiri Fərəh Rəşadətli ilə çox yaxşı münasibətləri olub.
Bankda əməliyyatçı-xəzinədar olduğunu deyən təqsirləndirilən şəxsin sözlərinə görə, onun nəsə pul mənimsəməsindən, pulları kiminsə götürməsindən xəbəri olmayıb.
Daha sonra ərərçəkmiş Sevda Xəlilova ifadə verib.
Sevda Xəlilova qeyd edib ki, Beynəlxalq Bankda olan pullarını Dəmirbanka qoymağı kürkənəni Tural Axundov təklif edib. O, kürəkənini təklifi ilə Dəmirbanka pullarını qoyub.
Zərərçəkmişin sözlərinə görə, istintaq zamanı Fərəh Rəşadətli ilə üzləşmək istəyib: “Mən bildim ki, Fərəh xanım istintaqda deyib ki, qızım Gülnurun adına olan 300 min manat əmanəti kürəkənim götürüb. Mən bunu soruşmaq istəyirdim. Amma imkan verdilər”.
Sevda Xəlilova qoyduqları əmanətlərə görə aldıqları aylıq faizlərindən də danışıb. Onun sözlərinə görə, 600 min manata görə 7500 manat, 150 min dollara görə isə 1150 dollar faiz alıb.
Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilirlər.
Cinayət işində 8 nəfər zərərçəkmiş var. Həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.
Xatırladaq ki, Fərəh Rəşadətli “Dəmir Bank”ın filial müdiri olub, Tamamgül Xanlarova bankda xəzinədar vəzifəsində çalışıb. Fariz Qarayev isə bankın əməkdaşı olub.