Şabran rayonunda tanışını bıçaqlamaqda təqsirləndirilən 68 yaşlı Əmrəddin Nuriyevin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Sumqayıt Apelyasiya Məhkəməsində hakim Hüseyn Nəbiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı martın 30-na təyin edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrəddin Nuriyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub.
Hökmdən narazı qalan Əmrəddin Nuriyev apelyasiya şikayəti verib. O, barəsində həbs olmayan cəza növünün təyin edilməsini istəyib.
İttihama görə, hadisə ötən il Şabran rayonunda baş verib. Əmrəddin Nuriyev bir evdə yaşadığı tanışı Əvəz Süleymanovu məişət zəminində bıçaqlayıb.
Yaralı xəstəxanaya çatdırılıb. Əmrəddin Nuriyev polis tərəfindən saxlanılıb. Lakin istintaq və məhkəmə dövründə onun barəsində həbs qətimkan tədbiri seçilməyib.
Hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub.
Qeyd edək ki, Əmrəddin Nuriyev dəfərlərlə cinayət törətdiyi üçün məhbus həyatı yaşayıb. O, ilk dəfə 1971-ci ildə həbsə düşüb. Daha sonra 1978-ci, 1988-ci, 1991-ci, 1993-cü, 1994-cü, 2010-cu illərdə həbsdə olub.
O, xuliqanlıq, adam öldürməyə cəhd, bıçaqlamada, zorlamağa cəhd cinayətləri törədib. Ümumilikdə Əmrəddin Nuriyev ömrünün 27 ilini həbsdə keçirib.